Putinin adamı prezident olan kimi danışıqlara başladı

Moldovnın yeni seçilmiş prezidenti İqor Dodon bu gün separatçı Dnestryanı bölgənin rəhbəri Vadim Krasnoselski ilə görüşüb.

Moldova KİV-ləri xəbər verir ki, bu görüş Dnestryanı bölgədə, Bendera şəhərində baş tutub. Bu, Moldova rəhbəri ilə Dnestryanı bölgədəki tanınmamış "respublika”nın rəhbəri arasında son səkkiz ildə baş tutan ilk birbaşa görüşdür.

Separatçı bölgənin rəhbəri bildirib ki, görüş tanışlıq xarakteri daşıyır və "sonrakı müzakirələrdə müzakirə olunmaq üçün” məsələləri müəyyən etməyə hesablanıb. Bildirilir ki, Dnestryanı bölgənin rəhbəri ilə görüşü ötən ay İqor Dodon özü təklif edib. Dekabrın 23-də prezident səlahiyyətlərinin icrasına başlayan Dodon rusiyameylli siyasətçidir, "Putinin adamı” imicinə malikdir və seçkiqabağı kampaniyasında elan etmişdi ki, prezident seçiləcəyi halda həm Rusiya ilə, həm Dnestryanı bölgə ilə dialoqa başlayacaq, münasibətləri möhkəmləndirəcək.

Vadim Krasnoselski də Dnestryanı bölgədə seçkiləri udub, İqor Dodon onu görüşdə qələbə münasibətilə təbrik edib. Lakin görüşün digər detalları haqda məlumat verilmir.  Moldovalı politoloqlar hesab edirlər ki, İqor Dodon separatçılara federallaşma planı təklif edəcək, lakin Krasnoselski Dnestryanı bölgənin Moldovanın tərkibində federasiya subyekti kimi yer almasını istisna edir. Eyni zamanda İqor Dodonun separatçılarla birbaşa danışıqları Moldovanın digər siyasi qüvvələri və hökuməti ilə razılaşdırdığı məlum deyil. Bir neçə il əvvəl Moldova kommunistlərinin lideri Vladimir Voronin Dnestryanı bölgəyə dair Moskvanın təklif etdiyi plana razılıq verdiyi üçün böyük etirazlarla üzləşdi, nəticədə həmin planı rədd etməli oldu./virtualaz.org/

MediaFax