O, son altı ildə BMT-nin yeddinci qətnaməsinə veto qoymağa hazırlaşır
Rusiya prezidenti Vladimir Putin, rəsmi Moskvanın Suriya hökumətinə yeni sanksiyalar tətbiq olunmasını nəzərdə tutan heç bir qətnamə layihəsini dəstəkləməyəcəyini açıqlayıb.
İstiPress-in "Sputnik Türkiyə”yə istinadən verdiyi xəbərə görə, Putinin açıqlaması, Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya hökumətinə qarşı sanksiya nəzərdə tutan qətnamə layihəsinin bu gün Təhlükəsizlik Şurasında səsverməyə çıxarması ərəfəsində gəlib. Layihədə, Suriya hökumətinin kimyəvi silahdan istifadə etdiyi iddia edilir.
Qırğızıstanlı həmkarı Almazbek Atambayevlə Bişkekdəki görüşündən sonra keçirilən birgə mətbuat konfransında danışan Putin: "Suriya rəhbərliyinə qarşı sanksiya tətbiqi hazırda tamamilə yolverilməzdir. Çünki sanksiyalar, müzakirə prosesinə kömək etmir, əksinə, prosesə inamı sarsıdır. Bu səbəbdən Rusiya Suriyaya qarşı yeni sanksiyaları dəstəkləməyəcək” deyib.
Daha əvvəl də Rusiyanın BMT-dəki səfirinin müavini Vladimir Safronkov da sözügedən qərar layihəsinə veto qoyacaqlarını açıqlamışdı.
ABŞ, Fransa və İngiltərə tərəfindən hazırlanan qərar layihəsi, 11 hərbçi, 10-u isə kimyəvi silahı inkişaf etdirən hüquqi şəxsə qarşı tətbiq olunur və onlara səyahət qadağasının gətirilməsini nəzərdə tutur. Layihə Suriya ordusu və hökumətinə helikopter satılmasını və çatdırılmasını da qadağan edir.
Qeyd edək ki, sözügedən layihə, Rusiyanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Suriya ilə bağlı son 6 ildə veto qoyduğu 7-ci layihə olacaq.
BMT-nin Təhlükəsizlik Şurasında bir layihənin qəbul edilməsi üçün daimi üzvlər olan Çin, Rusiya, Fransa, İngiltərə və ABŞ-dan hər birinin razılığı olmalıdır.
MediaFax