Putin və 11 min polis...

Rusiya Prezidenti Vladimir Putinin dekabrın 15-16-da Yaponiyaya planlaşdırılan səfəri zamanı təhlükəsizliyin təmin olunmasına 11 mindən çox polis əməkdaşı cəlb ediləcək. Bu barədə Yaponiyanın Baş Polis İdarəsi məlumat yayıb. Səfər zamanı polislərin hərəkətini əlaqələndirmək üçün idarə yanında xüsusi qərargah yaradılıb.

Azərtac xəbər verir ki, səfərin ilk gününün Yaponiyanın Baş naziri Şinzo Abenin kiçik vətəni Yamaquçi prefekturasının Naqato şəhərində keçəcəyi bildirilir. Həmin şəhərə qonşu rayonların əməkdaşları da daxil olmaqla, 4100 polis əməkdaşı göndəriləcək.
 


Səfərin Tokioda keçiriləcək ikinci günündə isə təhlükəsizliyin təmin olunmasına paytaxt polisinin 7 mindən çox əməkdaşı cəlb ediləcək. Həmin günlərdə Rusiya səfirliyinin, ticarət nümayəndəliyinin, TASS-ın Yaponiya bürosunun və digər nümayəndəliklərin yerləşdiyi binalar xüsusi mühafizə olunacaq.

Rusiyanın yüksək vəzifəli rəsmilərinin Yaponiyaya səfərləri adətən ultrasağ millətçi qüvvələrin fəallaşması ilə müşayiət olunur. Onlar səsgücləndiricilərin quraşdırıldığı təbliğat avtobuslarında hərəkət edərək, gurultulu mitinqlər təşkil edirlər. Bu isə küçələrin bağlanmasına və nəqliyyatın hərəkətinə maneələrin yaranmasına səbəb olur.

MediaFax