Prokuror oğrunu oğurlayanlara cəza istədi - Azərbaycanda

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Zamiq Xasıyev, Aqil Şəmiyev və Ruslan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərə cəza istəyib.
 
O, Ruslan Əliyevin 15 il, Zamiq Xasıyev və Aqil Şəmiyevin hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Proses dekabrın 29-da davam etdiriləcək.
 
Qeyd edək ki, Abşeron rayon Polis Şöbəsinin əməkdaşları Xırdalan şəhərində yerləşən "Karat MMC”-nin Dəyirman şöbəsinin ofisindən 1 milyon manat məbləğində pul oğurlanması cinayətinin üstünü açıb. Keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə cinayəti törətmiş şəxs - Abşeron rayon Qobu qəsəbə sakini, 28 yaşlı Ramil İmaməliyev saxlanılıb. İstintaqla müəyyən olunub ki, əvvəllər "Karat MMC”-də çalışan Ramil İmaməliyev işdən çıxdıqdan sonra ofisdən oğurluq etmək fikrinə düşüb. O, şirkətin ofisindəki seyfdə külli miqdarda pul olduğunu qabaqcadan bilib. 2014-cü il aprelin 11-də gecə saatlarında ofisin binasına gələn Ramil İmaməliyev dam örtüyünü sökərək içəri daxil olub. O, ofisdəki seyfin qapısını sındıraraq 1 milyon manat pulu idman çantasına doldurub və gedib.
 
Oğurluq pulları Qobu qəsəbəsində yaşadığı evə gətirən Ramil İmaməliyev bu barədə qardaşı Ramiz İmaməliyev və anası Ceyran İmaməliyevaya məlumat verib. Onlar pulun əsas hissəsini evin müxtəlif yerlərində gizlədiblər. Ramil İmaməliyev isə pulun bir hissəsini özü ilə götürərək "İnfiniti” markalı 90 HZ 200 dövlət nömrə nişanlı avtomobil alıb. Saxlanılarkən maşının yük yerindən 5 min manat, Qobu qəsəbəsindəki evdən isə 31 min 338 manat pul aşkarlanaraq götürülüb.
 
Ramil İmaməliyev istintaqa ifadəsində bildirib ki, oğurladığı pulların demək olar ki, yarısını bir qrup şəxs hədə-qorxu gələrək onun əlindən zorla alıb. Əməliyyat axtarış tədbirlərini davam etdirən polis əməkdaşları bu cinayətdə şübhəli bilinən 4 nəfəri - Kürdəmir rayon sakini, 35 yaşlı Aqil Şəmiyev, Qobustan rayon sakini, 31 yaşlı Zamiq Xasıyev, Beyləqan rayon sakinləri, 30 yaşlı Röyal Qədirovla 32 yaşlı Ruslan Əliyevi də saxlayıb.
 
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər R. İmaməliyevi izləyərək Bakıda yerləşən restoranlardan birinin qarşısında başına torba keçirib zorla avtomobilə oturdublar. Onlar özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edərək 450 min manat pul tələb ediblər.
 
Ramil İmaməliyev onu girov saxlayan şəxslərin əlindən yaxa qurtarmaq üçün anasına zəng edərək, evdəki puldan 400 min manatı göndərməyi tapşırıb. Anası Ceyran İmaməliyeva isə pulu kiçik oğlu Ramizə verib və deyilən yerə göndərib.
 
Ramiz İmaməliyevdən 450 min manat alındıqdan sonra o sərbəst buraxılıb.
 
Əldə olunan pul saxlanılan şəxslər arasına bölüşdürülüb. Əməliyyat istintaq tədbirləri zamanı pulun 20 min manatı Zamiq Xasıyevlə Aqil Şəmiyevdən, 98 min manatı isə Ruslan Əliyevdən götürülüb. Eləcə də İmaməliyevlərin evində axtarış aparılarkən müxtəlif yerlərdə gizlədilmiş 6600 manat və 800 ABŞ dolları tapılıb. Ramiz İmaməliyev daha sonra etiraf edib ki, qardaşı tutulmazdan bir neçə gün əvvəl ona və anasına zəng edərək, oğurluq pulların 200 min manatını qəbiristanlıqda gizlətməyi tapşırıb. Ramiz İmaməliyev həmin pulu sellofan torbaya bükərək nənəsinin Qobu qəsəbə qəbiristanlığındakı qəbrinin yanında basdırıb. Polis əməkdaşları deyilən əraziyə baxış keçirərkən 190 800 manat pulu taparaq istintaqa təhvil verib./APA/

MediaFax