Prokuror gəlib çıxmadı, məhkəmə təxirə düşdü

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilməli idi.

Prosesə hakim Rasim Sadıxov sədrlik edir.

Dövlət ittihamçısı xəstəliyi üzündən iclasa gələ bilmədiyi üçün proses dekabrın 29-na təxirə salınıb.

Xatırladaq ki, ötən məhkəmə iclaslarının birində - zərərçəkmiş şəxsin vəkilinin vəsatəti əsasında mətbuat nümayəndələri iclas zalından çıxarılmışdı. Vəkil bunu cinayət işində müdafiə etdiyi Çingiz Baxşıyevin ailə və kommersiya sirrinin olması ilə əlaqələndirmişdi.

Təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov isə cinayət işində Çingiz Baxşiyevin ailə və ya kommersiya sirrindən deyil, onun qızıllarının oğurlanması barədə iddialardan bəhs olunduğunu demişdi: "Əgər bu məhkəmə prosesi qapalı keçirilərsə, ictimaiyyətdə belə bir rəy yaranacaq ki, böyük imkanlara malik olan Çingiz Baxşıyevin bu işə təsiri var. Bu isə cəmiyyətdə birmənalı qarşılanmayacaq. Prosesin qapalı keçirilməsinə heç bir əsas görmürəm. Çingiz Baxşıyevi başa düşürəm, qızılların dəyəri çoxdur".

Çingiz Baxşıyev isə birmənalı olaraq mətbuat nümayəndələrinin prosesdə iştirak etməsini istəmədiyini bildirmişdi.

Məhkəmə heyəti prosesin qapalı keçirilməsi ilə bağlı qərar qəbul etmiş, sabiq müşavirin qızları Sevil Baxşıyeva və Fatimə İbrahimovanın ifadə verdiyi həmin məhkəmə prosesi jurnalistlərin və kənar şəxslərin iştirakı olmadan qapalı keçirilmişdi.

Növbəti prosesdə isə vəkil A.Məmmədov yenidən vəsatət qaldırıb və prosesin açıq keçirilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib.

Qeyd edək ki, Rövşən Əhmədov Nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevin külli miqdarda əmlakını talamaqda və mənimsəməkdə təqsirləndirilir. O, Çingiz Baxşıyevə, qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevaya ümumilikdə 800 min manat məbləğində maddi ziyan vurmaqda ittiham olunur. Törətdiyi əmələ görə 18 aprel 2016-cı ildə Rövşən Əhmədova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan cinayət işinin istintaqının davam etdirilməsi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinə həvalə olunub və 17 sentyabr 2016-cı ildə ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilib. İstintaqla müəyyən edilib ki, Rövşən Əhmədov ona etibar edilmiş külli miqdarda əmlakı talamaq məqsədilə 2015-ci il sentyabr ayının əvvəllərində qohumu Çingiz Baxşıyevin ona etibar etdiyi 695 min manat, qızları Fatimə İbrahimovanın 50 min manat, Sevil Baxşıyevanın isə 55 min manat dəyərində müxtəlif çeşiddə qızı-zinət əşyalarını, qızıl sikkələri, qızıl manetləri ələ keçirib. Çingiz Baxşiyev Nəqliyyat nazirinin müşaviri olmazdan əvvəl isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsində işləyib.

R.Əhmədov ona elan olunmuş ittihamları qəbul etmir. O, günahsız olduğunu, qohumu Çingiz Baxşıyevin sifarişi ilə həbs olunduğunu deyir.

Uzun illər nəqliyyat sektorunda rəhbər vəzifələrdə çalışan Ç.Baxşıyevin adı mətbuatda evindən külli miqdarda qızıl-zinət əşyaları oğurlanan məmur kimi gəlib. Sabiq müşavir bu oğurluqda qohumu Rövşən Əhmədovu günahlandırıb və ondan hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan sonra R.Əhmədovu həbs ediblər./virtualaz.org/

MediaFax