Problem tamamilə həll olundu - Keçmiş nazir

Dünən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun idarə etdiyi avtomobilin Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırovun hərəkətdə olan xidməti avtomobilinə yol vermədiyi üçün saxlanılaraq cərimə meydançasına aparılmasından sonra yaranan anlaşılmazlıq öz həllini tapıb.

Bu barədə T.Zülfüqarov özü məlumat verib. O bildirib ki, iki gün əvvəl baş verən problem bu gün tamamilə həll olunub:

"Bir sıra etik məsələləri nəzərə alaraq, mən həmin xoşagəlməz hadisənin formatı və sonluğunun təfərrüatları barədə ictimaiyyəti məlumatlandırmağı qərara aldım.

Böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Daxili İşlər Nazirliyi tərəfindən bu məsələyə cəlb edilmiş bütün şəxslər qanunun aliliyinə əsaslanaraq mənə qarşı və yaranmış vəziyyətlə əlaqədar olaraq çox yüksək dərəcədə hörmət və konstruktiv yanaşma nümayiş etdiriblər. Əminəm ki, baş vermiş bu hadisənin bütün iştirakçıları özləri üçün lazımi nəticələri çıxarıblar.

Demək istərdim ki, mənim gəldiyim nəticə ondan ibarətdir ki, qanuni hüquqlar uğrunda qanuni vasitələrlə mübarizə aparmaq lazımdır. Bu işdə ictimai rəy və KİV çox mühüm əhəmiyyətə malikdir. 15 gün əvvəl istifadə etməyə başladığım Facebook-un rolu da vacibdir.

Əminəm ki, uzumüddətli müzakirələr üçün sensasiya dolu və qaynar faktları, "kim kimi məğlub edəcək” seriyasından yarışma səhnələrini açıqlamadığıma görə, bəzi dostlarım məni bərk tənqid edəcək. Ancaq mən sual verirəm: "Lazımdırmı?” Axı, aydındır ki, sizin göstərdiyiniz və mənim də səmimi şəkildə minnətdar olduğum ictimai dəstək və baş vermiş hadisə ətrafında yaranmış rezonans qalib gəldi. Daha doğrusu, qalib gələn qanun oldu”./qafqazinfo.az/

MediaFax