Prezident yanında Strateji Araşdırmalar Mərkəzindən 6000 dollar və 1500 manatlıq oğurluq

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində oğurluq hadisəsi olub.
 
Hadisə bayram günlərində Mirzə İbrahimov küçəsi 8-də qeydə alınıb. Belə ki, yanvar ayının 5-də işə gələn Strateji Araşdırmalar Mərkəzində işləyən aparıcı mütəxəssislərdən biri iş otağındakı seyfinin yoxa çıxdığını görüb.

SalamNews-a verilən məlumata görə, dərhal ərazi üzrə Nəsimi Rayon Polis İdarəsinə oğurluğun baş verməsi barədə məlumat verilib. İsti izlərlə keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğun elə mərkəzin əməkdaşları tərəfindən həyata keçirildiyi məlum olub.

22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1500 manat və 6000 ABŞ dolları məbləğində pulu oğurlamaqda şübhəli bilinən orada nəzarətçi işləyən Füzuli rayon sakini Rauf Kamallı və mühafizəçi - Bakı şəhər sakini Zaur Quliyev saxlanılıblar.

22-ci polis bölməsinin rəisi Zaur Əliyevin bildirdiyinə görə, Mərkəzin nəzarətçisi və mühafizəçisi bayram günlərində işə heç kimin gəlməməyindən istifadə edərək bu oğurluq əməlini törədiblər.

Faktla bağlı hər iki şəxsə qarşı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində oğurluq maddəsi ilə cinayət işi başlanıb və mərkəzin işçiləri şübhəli şəxs qismində saxlanılıblar.

MediaFax