Martın 4-ü saat 12 radələrində Bakıda yol polisi ilə mübahisə edən sürücünün ölümü hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir.
"Qafqazinfo” xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov lent.az-a açıqlamasında bildirib ki, Ziya Bünyadov prospekti ilə hərəkətdə olarkən yol polisi tərəfindən saxlanılan "Nissan”ın sürücüsü 1961-ci il təvəllüdlü Əsgər Muradovun qəfil ölümü ilə bağlı müvafiq ekspertizalar təyin edilib: "Hadisə baş verən gün əraziyə ekspertlər gəlib. Müvafiq ekspertizalar təyin edilib. Həmçinin avtomobilin hansı istiqamətdən gəlib hara getməsi müəyyənləşdirilir. Ərazidəki müşahidə və təhlükəsizlik kameralarının qeydə aldığı görüntülər də araşdırılır. İlk gündən bu məsələ diqqətdədir və araşdırmaların nəticəsi barədə vəfat edən şəxsin yaxınları, eləcə də ictimaiyyət məlumatlandırılacaq”.
Xatırladaq ki, sürücünün qohumu Nurəddin Həsənov "Qafqazinfo"ya bildirib ki, YPX əməkdaşının sürücü ilə kobud davranışı onun ölümünə səbəb olub: "Polis ona deyib ki, sən "avtoş”luq edirsən. Bu da cavabında "sənin atan yaşdayam, mən "avtoş”luq edənəm?” deyib və bundan sonra aralarında mübahisə olub. Bunları Əsgər müəllim özü qohumumuz Rövşənə zəng edib deyib. Rövşənə deyib ki, polis mənə belə sözlər deyir, maşının açarını almaq istəyir, ürəyim sancır, gəl məni apar. Videodan da görünür, sonra maşının qarşısına keçir və yıxılır. Ekspertizada dedilər ki, infarkt keçirib. Amma onu infarkt səviyyəsinə gətirən var. Əsgər müəllim polislə olan dialoqunu videoya çəkib. Polis görüb ki, öldü, onun telefonunu götürüb hər şeyi siliblər. Onun ürəyi xəstə idi, bu gün (martın 6-da) müalicə üçün İrana gedəcəkdi. O, Rusiya vətəndaşıdı, daim orada yaşayırdı. Oğluna toy etmək üçün Bakıya gəlmişdi”.
MediaFax