Müsahibimiz Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, sabiq xarici işlər naziri Vilayət Quliyevdir.
Son dövrlər sosial şəbəkələrdə maraqlı paylaşımları ilə diqqət çəkən Vilayət müəllimlə uzun müddətdir söhbət aparmaq arzusunda idim. Yazılı müraciət edəndə müsahibə təklifinə müsbət cavabı məni sevindirdi. Ona ünvanlanacaq o qədər sual vardı ki... Heç ağlıma gəlməzdi ki, diplomat sıx qrafikinə rəğmən sorğumuza belə ürək genişliyi ilə sıcaq yanaşacaq.
Teleqraf.com Vilayət Quliyevlə son dərəcə maraqlı və gündəm yaradacaq geniş müsahibəni 2 gün dalbadal təqdim edəcək. Bu gün səfirimizin öz təbirincə desək dünyaya təşrif buyurduğu gündür. Redaksiya heyəti Vilayət Quliyevi doğum günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı arzulayır!
-Vilayət müəllim, bildiyimiz qədər bu günlər Macarıstanın həyatında əlamətdar bir dövrə təsadüf edir. Söhbətimizə elə bu mövzu ətrafında başlamaq istərdim...
-Haqlısınız, macar xalqı dünya sosialist sisteminə, konkret desək, Sovet İttifaqına qarşı çevrilmiş ilk böyük miqyaslı xalq etirazının – 1956-cı il Budapeşt üsyanının 60 illiyini qeyd edir. 60 il bundan əvvəl oktyabr-noyabr aylarında macar paytaxtının və ölkənin digər şəhərlərinin küçələri həqiqi döyüş meydanına çevrilmişdi. Xalqla sovet ordusunun qarşıdurması iki həftədən çox çəkmişdi. Üsyan amansızcasına yatırılmışdı. Amma azadlıq istəyən insanların əzmini, iradəsini qırmaq mümkün olmamışdı. Oktyabrın 24-dən 28-nə və noyabrın 4-dən 8-nə qədər davam edən döyüşlər zamanı 2500 nəfərdən çox macar vətənpərvəri, 700-ə yaxın sovet əsgər və zabiti öldürülmüşdü. Onların arasında sovet ordusunda xidmət edən 22 nəfər həmvətənimiz də vardı.
Başqa bir vacib məqama da toxunmaq istəyirəm: bu da 1956-cı il Budapeşt üsyanı ilə 1990-cı ilin yanvarında Bakıda sovet ordusuna qarşı xalq dirənişi arasındakı məntiqi bağlılıq məsələsidir. Budapeştdə imperiyanın süqutu başlanğıc mərhələsinə qədəm qoymuşdusa, Bakı son akkord olmuşdu. Sovet rejimi üçün macar payızından sonra Azərbaycan qışı gəlmişdi. Onu da deyim ki, tanınmış macar hərb tarixçisi Peter Dunai ilə birlikdə rus və macar dillərində "Budapeşt, 1956 – Bakı, 1990. İmperiyanı sarsıdan iki şəhər və iki tarix” adlı illüstrasiyalı toplu hazırlamışıq. Hələlik maliyyə çətinlikləri üzündən nəşri mümkün olmayıb. Əgər çap etdirə bilsək, Budapeşt və Bakıda sovet rejiminin qurbanlarının xatirəsinə gözəl bir abidə ola bilər.
- Səfir, təbii ki, öz ölkəsinin maraqlarına xidmət edir. Eyni zamanda vaxt keçdikcə çalışdığı ölkə ilə də müəyyən bağlılıqları, rəğbəti yaranır. Altı ildən bəri yaşayıb-işlədiyiniz Macarıstanda sizi cəlb edən nədir?
- Macarlar say etibarı ilə çox olmasalar da, diqqətəlayiq mədəniyyət və tarix yaratmış xalqlar sırasına daxildir. Ən başlıcası bizə qohum xalqdır, soy-köklərini təşkil edən hunlar və madyarlar türk əsillidirlər. Altaylardan Mərkəzi Avropaya qədər uzun yol keçiblər. Yüzilliklər boyu bir tərəfdən slavyan, digər tərəfdən german tayfalarının təzyiqinə sinə gərərək dövlətlərini qurublar, dil və milli simalarını qoruyublar, yad təsir altına düşməyiblər. Keçmiş tarixlərinə böyük ehtiramla yanaşırlar.
Məsələn, ölkədə hər iki ildən bir on minlərlə insanın qatıldığı Hun-Türk Qurultayı adlı böyük tarixi-etnoqrafik şou keçirilir. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, macar və Azərbaycan xalqları, mədəniyyətləri arasında sıx qarşılıqlı təmasların yaranmasındakı fəaliyyətinə görə Qurultayın əsas mükafatı bu il Azərbaycan səfirinə, yəni mənə verildi. Mükafatı Macarıstan Parlamentinin vitse-spikeri Şandor Lejak təqdim etdi.
Göründüyü kimi, əvvəllər rəsmi ideologiyada fin-uqor kökənli xalq kimi qələmə verilən macarların türk əsilli olmaları artıq rəsmi səviyyədə də etiraf olunur. İki il əvvəl Macarıstan Türkdilli Ölkələrin Parlament Assambleyasında müşahidəçi statusu alıb. Məncə, sadaladığım səbəblərə görə bu ölkəni və onun xalqını sevmək olar.
-Bəs bugünkü Azərbaycan-Macarıstan əlaqələrini necə qiymətləndirirsiniz?
-Tam əminliklə demək olar ki, ölkələrimiz arasında diplomatik bağlar yaranandan sonra münasibətlərimiz daim yüksələn xətlə inkişaf edib. İndi Macarıstan Mərkəzi və Şərqi Avropada Azərbaycanla strateji tərəfdaşlıq əlaqəsi quran yeganə ölkədir. Mütəmadi olaraq yüksək səviyyəli səfərlər təşkil edilir. Dövlət və hökumət başçıları arasında səmimi, işgüzar münasibətlər mövcuddur. Xarici işlər nazirlikləri mütəmadi şəkildə siyasi məsləhətləşmələr aparır. Macarıstan əksər hallarda Avropa Şurası, Avropa Birliyi kimi qurumlarda ölkəmizin haqlı mövqeyinə tərəfdar çıxır.
Siyasi-humanitar sahədəki uğurların iqtisadi bloka, biznes mühitinə transferi üçün hər iki tərəf intensiv fəaliyyət göstərir. Artıq bir neçə aydır ki, paytaxtlarımızı birbaşa hava reysi bağlayır. Bir sözlə, Macarıstanın, macar xalqının bu gün bizə dost olduğunu söyləmək üçün hər cür əsas var. Təbii ki, qarşı tərəf də Azərbaycana münasibətdə belə düşünür.
-Son zamanlar azərbaycanlı tələbələrin xarici ölkələrə axını intensivləşib. Yəqin ki, Macarıstan da bu baxımdan istisna təşkil etmir. Hazırda Macarıstanda nə qədər tələbəmiz var, onlar hansı ixtisaslar üzrə təhsil alır?
-2014-cü ilin noyabrında Azərbaycan Prezidentinin Budapeştə səfəri zamanı imzalanan "2015-2017-ci illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Ehtiyatları Nazirliyi arasında fəaliyyət proqramı” sazişi ölkəmizin gənclərinin Macarıstanın müxtəlif ali məktəblərində təhsil almalarına geniş imkan yaradıb. Əgər həmin dövrə qədər yalnız tək-tük gənclər bu ölkəyə üz tuturdularsa, 2015-ci ildən etibarən onların sayı xeyli artıb. Adıçəkilən saziş "Hunqarikum stipendium” proqramı çərçivəsində 200 nəfər həmvətənimizə macar hökumətinin xarici tələbələr üçün təsis etdiyi xüsusi təqaüdü almağa imkan yaradır. 2015-ci ildə bu imkandan 67 nəfər soydaşımız faydalanıb. 2016-cı tədris ilində isə Azərbaycandan olan 200 tələbə və bakalavr Budapeştdə, habelə ölkənin digər ali məktəblərində təhsillərinə davam edib.
Onlar paytaxtdakı Budapeşt Biznes məktəbi, Semmelveys, ELTE, Korvinus universitetləri, habelə Debretsen, Seged, Peç, Gödöllö və başqa şəhərlərin ali məktəblərində ölkəmizin sənayesi və kənd təsərrüfatı, iqtisadiyyatın müxtəlif sahələri, habelə kompüter texnologiyası, proqramlaşdırma və sair istiqamətlərdə zəruri sayılan ixtisaslara yiyələnirlər. Biz gənclərlə əlaqə saxlayır, onların çətinlik və problemləri ilə yaxından maraqlanırıq.
Oktyabrın 17-də Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 25 illiyi bayramında səfirlikdə tələbələrimzlə görüş keçirildi. Biz onların təşkilatlanmaları, Macarıstan həyatının bütün sahələrinə nüfuz etmələri, təhsil aldıqları universitetlərdə ölkəmizin səlahiyyətli təmsilçisinə, gənc səfirinə çevrilməsi üçün mümkün olan hər şeyi etməyə çalışırıq.
-Azərbaycanla Macarıstan arasındakı iqtisadi əməkdaşlığın inkişafını necə dəyərləndirirsiniz? İki Ölkənin qarşılıqlı ticarət mübadiləsi hansı həcmdədir? Turizm potensialından nə dərəcədə istifadə olunur?
-Hər iki tərəfdə iqtisadi münasibətlərin genişləndirilməsinə böyük maraq, ən başlıcası isə istək var. Artıq altı ilə yaxındır ki, hökumətlərarası iqtisadi komissiya fəaliyyət göstərir. Ona Azərbaycan tərəfdən iqtisadiyyat naziri Şahin Mustafayev, Macarıstan tərəfdən isə xarici işlər və ticarət naziri Piter Siyyarto rəhbərlik edir. İndiyə qədər Budapeştdə və Bakıda komissiyanın altı iclası keçirilib. Qarşılıqlı maraq doğuran bir sıra layihələr ətrafında müzakirələr aparılıb. Belə layihələr sırasına cins heyvandarlıq, quşçuluq, toxumçuluq, su təsərrüfatı, emal sənayesi, əczaçılıq, yol və körpü tikintisi, yüksək texnologiyalar sahəsində əməkdaşlıq daxildir. Artıq həmin layihələrdən bəzilərinə start verilib.
Bu ilin mayında dövlət başçısının tapşırığı ilə respublikamızın kənd təsərrüfatı naziri Heydər Əsədov ekspert qrupu ilə birlikdə Macarıstanda səfərdə olub, macar həmkarları ilə geniş müzakirələr aparıb. Mütəmadi təşkil olunan biznes-forumlar iki ölkənin kiçik və orta biznes sahibləri üçün şəxsi səviyyədə işgüzar əlaqələr yaratmağa imkan verir. Macarıstan "Eximbank”ı Azərbaycanda macar şirkətləri ilə birlikdə həyata keçirilən layihələri maliyyələşdirməyə hazır olduğunu bildirib və bu məqsədlə 200 milyon avro kredit ayırıb. Bir sözlə, fəallıq var və onun tam həcmli fəaliyyətə çevriləcəyi gün də, zənnimcə o qədər uzaq deyil.
Ticarət dövriyyəmiz hələlik arzu edilən həddə çatmayıb. Keçən il bu rəqəm cəmisi 27,9 milyon ABŞ dolları təşkil edib. Turizm sektoruna gəldikdə isə bu ilin aprel ayından etibarən birbaşa Budapeşt-Bakı-Budapeşt uçuşlarını həyata keçirən VizzAir şirkətinin sayəsində hər iki ölkənin turistləri və iş adamları üçün geniş imkanlar açılıb.
-Keçmiş SSRİ-nin süqutuna qədər dünya sosialist sisteminə, Qarşılıqlı İqtisadi Yardım Şurasına daxil olan Macarıstanın inkişafı hansı səviyyədədir? Sovet buxovundan qurtarmaq bu ölkəni irəliyə apara bilibmi?
-Sualın ikinci hissəsindən başlayaq, ona birmənalı şəkildə müsbət, yaxud mənfi cavab vermək çətindir. Məsələn, dediyiniz "sovet buxovunun” mövcudluğu şəraitində Macarıstan məşhur "İkarus” avtobuslarını Sovet İttifaqı da daxil olmaqla bütün sosialist ölkələrinə ixrac edirdi. Az qala dövlət içində dövlətə çevrilən zavodda 140 min nəfər çalışırdı. İndi isə bu nəhəng istehsal sahəsi dağılıb və yalnız bir neçə sexdə daxili tələbat üçün konveyer üsulu ilə deyil, əllə avtobuslar yığılır.
Eyni sözləri Macarıstanın kənd təsərrüfatı, yeyinti və dərman sənayesi və sair sahələrin üzləşdiyi çətinliklər haqqında da demək mümkündür. Yəni sovet buxovundan qurtarmaq mövcud bağların qırılması, ənənəvi bazarların itirilməsi, istehsalın azalması, işsizliyin artması kimi fəsadlar doğurub. Bununla bir sırada dövlət müstəqilliyi Macarıstanın qarşısında yeni siyasi və iqtisadi imkanlar yaradıb. 2004-cü il ölkənin Avropa Birliyinə üzv qəbul olunması onun köhnə qitənin maliyyə, nəqliyyat və sair resurslarından istifadəsinə yol açıb. Artıq üçüncü dəfə baş nazir seçilən Viktor Orban hökumətinin uğurlu iqtisadi siyasəti nəticəsində son illərdə Macarıstan dinamik şəkildə inkişaf edir.
Məsələn, 2016-cı ildə ölkə iqtisadiyyatı təxminən 2.6 faiz artıb, inflyasiya isə 1.7 faiz təşkil edib. Əhalisinin sayı 10 milyon nəfərdən də az olan Macarıstanın 2017-ci il üçün dövlət büdcəsinin gəlir hissəsi 57.9 milyard avro, xərc hissəsi isə 61,8 milyard avro məbləğində planlaşdırılıb. Büdcənin gəlir hissəsinin ötən illə müqayisədə 5.3 milyard avro artacağı gözlənilir. İnsanların həyat səviyyəsinin yaxşıya doğru dəyişməsini, böyük tikinti-quruculuq işlərinə start verilməsini gündəlik müşahidələr nəticəsində açıq-aydın görmək mümkündür.
-Bəzən postsovet ölkələrinin sovet dövrünün nostalgiyası ilə yaşadığı barədə fikirlər irəli sürülür. Azərbaycanda da orta və yaşlı nəslin nümayəndələri bu barədə fikirlərini açıq şəkildə dilə gətirirlər. Avropanın bir parçası olan Macarıstan cəmiyyətinin yanaşması necədir?
- Müsahibənin başlanğıcında danışdığım 1956-cı il üsyanından sonra keçmiş Sovet İttifaqının rəhbərliyi Macarıstanı sosialist düşərgəsinin tərkibində saxlamaq üçün bir sıra ciddi güzəştlərə getdi. Nəticədə iqtisadiyyatın bütün sahələrinin inkişafı, əhalinin maddi rifah halının yaxşılaşması üçün İttifaq büdcəsindən böyük pullar ayrıldı. Otuz ildən çox ölkəyə rəhbərlik edən Yanoş Kadar Moskvanı daim macar xalqının qəzəbi ilə qorxudaraq Kremldən daha çox qoparmağı bacarmışdı. Onun ali partiya rəhbərliyində təmsil olunduğu 1956-1989-cu illəri macarlar özlərinə məxsus yumor hissi ilə bu gün də "qulyaş sosializmi” – yəni rifah və bolluq dövrü kimi xatırlayırlar. Ölkə isə "sosialist düşərgəsində ən şən barak” adını qazanmışdı.
Təbii ki, müasir Macarıstan belə güzəştli şərtlərdən məhrumdur. Çox şeyi xalq öz əməyi ilə qazanmalıdır. Son illərdəki inkişafa baxmayaraq Avropanın ən gözəl şəhərlərindən biri olan Budapeştin küçələrində yenə də evsiz adamlara – bomjlara rast gəlmək mümkündür. Öz növbəsində zənginlər və super zənginlər də az deyil. Amma daha çox sovet sistemi üçün səciyyəvi olan sosial bərabərlik prinsipi aradan qaldırılıb. Bu da insanlarda hər şeyin daha asan, daha ədalətli göründüyü keçmiş üçün müəyyən nostalgiya duyğuları yaradır. Eyni zamanda qeyd olunmalıdır ki, mümkün güzəşt və rahatlıqlarına baxmayaraq sosializm gerçəkliyinin geri qayıtmasını istəyənlər o qədər də çox deyillər.
Solçu partiyaların son iki parlament seçkisində uğradığı ciddi məğlubiyyət cəmiyyətdəki həmin əhval-ruhiyyənin təzahürüdür. Məncə, macarlar Avropa Birliyi və NATO-nun tamhüquqlu üzvləri kimi özlərini daha rahat, təhlükəsiz hiss edir, vahid Avropa evinə öz töhfələrini verməklə bir sırada onun yaratdığı imkanlardan da yetərincə yararlanmağa çalışırlar.
-Dağlıq Qarabağ həqiqətlərinin yayılmasında xaricidə yaşayan soydaşlarımız və diaspor təşkilatlarının üzərinə xüsusən böyük vəzifə düşür. Zaman-zaman belə fikirlər səslənir ki, erməni diasporu bu məsələdə bizdən daha fəaldır. Bəzən isə əksinə, diaspor təşkilatlarımızın erməniləri tam şəkildə zərərsizləşdirdiyi iddia olunur. Bu yanaşmalarla nə dərəcədə razısınız? Səfir olduğunuz Macarıstanda vəziyyət necədir?
-Böyük Mirzə Ələkbər Sabir vaxtı ilə yazırdı ki, "gopla əməl aşmaz, işə himmət gərək olsun!” Fikrim çoxlarına xoş gəlməsə də həqiqəti demək istəyirəm: bir sıra ölkələrdəki diaspor təşkilatlarımızın fəaliyyəti əksər hallarda yalnız boş sözdən, hay-küydən ibarətdir. Ona görə də ortalıqda real iş yoxdur, yaxud çox azdır. Bir dəfə bizim diaspora komitəsi rəhbərliyinin guya fəaliyyətləri ilə erməni diasporunu arxada qoymaları haqda bəyanatını eşidəndə heyrətləndim. Gerçəkliklə səsləşməyən belə bəyanatlar kimə və nəyə hesablanıb? Başımızın altına yastıq qoymaqla, öz-özümüzə mədhiyyə oxumaqla nəyə nail olmaq istəyirik?
Təbii, mən də çox istərdim ki, erməni diasporu dünyada miskin və zəlil vəziyyətə düşsün, nəinki işğalçı Dağlıq Qarabağ rejiminə yardım göstərməyə, heç özlərini dolandırmağa imkan və vəsaitləri olmasın! Qarabağdakı əli qanlı ermənilər isə bir gecənin içərisində buxarlanıb yoxa çıxsınlar. Lakin bizim istəməyimizlə belə şeylər olmur axı! Erməni diasporu bu gün də kifayət qədər güclüdür. Böyük maliyyə qaynaqlarına malikdir, bir sıra dövlətlərin siyasətinə təsir göstərməyə qadirdir. Xristian dünyası və kilsə onun arxasındadır. Nə qədər acı olsa da, belədir. Düşməni kiçiltməklə qələbəni yaxınlaşdırmaq mümkün deyil. Əksinə, mübarizənin həqiqi miqyaslarını bilmək üçün qarşımızdakıları istədiyimiz kimi yox, olduğu kimi görmək lazımdır.
Macarıstana gəldikdə, ermənilərin gücü baxımından bu ölkə təbii ki, Fransa deyil. Bununla belə Macarıstanda da cüzi erməni əhalinin rəsmi milli azlıq statusu, parlamentdə deputat yeri, məktəbi, ziyalısı, kilsə xadimi var. Yəni vəziyyət hay-küyçü vətənpərvərlərimizin düşündükləri qədər sadə və bəsit deyil. Elə isə nə etməliyik? Bəlkə ruhdan düşüb mövcud durumla barışmalıyıq? Əl-qolumuzu sallayıb oturmalıyıq? Təbii ki, yox! Əksinə, indiki vəziyyətdən hiddətlənib onu nəyin bahasına olursa olsun xeyrimizə dəyişməliyik.
-Mümkünsə, Ramil Səfərovun ekstradisiyasının pərdə arxası hadisələri barəsində danışmağınızı istərdik.
-Bu kifayət qədər uzun tarixçədir. Bütün prosesi əvvəldən axıra qədər detalları ilə işıqlandıran yazı hazırlamışam və yəqin, zamanı gələndə çap etdirəcəyəm. Sualınızın cavabında qısaca olaraq onu deyə bilərəm ki, 2010-cu ilin payızında, Macarıstana səfir təyinatından bir neçə ay sonra Azərbaycan Prezidentinin tapşırığına əsasən ekstradisiya prosesinin mümkünlüyü ilə ciddi şəkildə maraqlanmağa başladım. Ölkəmizə xeyirxah münasibət bəsləyən lazımi adamlarla əlaqə yaratmaq mümkün oldu və nəticədə 2012-ci il avqustun 31-də məhbus zabit Budapeştdə ömürlük həbs cəzası çəkdiyi Kozma həbsxanasından xüsusi təyyarə ilə Azərbaycana gətirildi. Elə həmin gün də dövlət başçısının sərəncamı ilə əfv edildi. Bu, son dərəcə ciddi və mürəkkəb iş əvvəldən sona qədər Prezident İlham Əliyevin şəxsi nəzarəti altında ölkəmizin Macarıstandakı səfirliyi tərəfindən məxfilik şəraitində hazırlanıb həyata keçirildi.
Doğrudur, sonradan dövlətlərarası razılıq sayəsində baş tutan ekstradisiyanı öz xidmətləri kimi qələmə verməyə çalışan ucuz şöhrət xəstəliyinə tutulmuş bəzi adamlar da peyda oldu. İşdə zəhməti olanların, ilk növbədə isə dövlət başçısının xidmətlərini öz adlarına çıxmağa başladılar. Qoy, onlar bundan sonra da xəyali uydurmalarının sərməstliyini yaşasınlar. Məsələnin mənim nəzərimdə ən mühüm tərəfi bir Azərbaycan vətəndaşının məhbəsdən qurtulması, heç olmazsa konkret bir təsadüfdə ermənilər üzərində üstünlüyümüzün nümayişidir.
-Məlum olduğu kimi, ekstradisiya baş tutandan sonra erməni diasporu daha da fəallaşdı və Macarıstan hökumətinə dolayı və açıq yolla təzyiq göstərməyə başladı. Hazırda vəziyyət necədir? Səfirliyimiz və yerli Azərbaycan icması ermənilərin təzyiqlərini dəf edə bildimi?
-Əvvəla, yuxarıda da qeyd etdiyim kimi, ermənilər Macarıstanda rəsmi milli azlıq statusuna malikdirlər. Yəni ölkənin əsas qanunu ilə təsbit olunan hüquqları, parlament təmsilçilikləri var. Məktəbləri, kilsələri hökumətdən müəyyən yardım alır. Sayca az olsalar da, lazımi məqamlarda mütəşəkkil qüvvə kimi çıxış etməyi bacarırlar. Ekstradisiyanın ardınca buna təşəbbüs göstərdilər.
Lakin macar cəmiyyətindən rəğbət və dəstək əldə edə bilmədilər. İstənilən halda, yetərincə çətin və həyəcanlı günlər yaşadıq. Çünki səfirliyə təhdid məktubları yazır, anonim nömrələrdən zənglər edir, sui-qəsd və terrorla hədələyirdilər. Bu, bizi qorxutmadı. Ən yaxşı müdafiənin əks-hücum olduğunu göz önünə gətirib fəallığımızı əsla azaltmadıq. Tarixi və müasir aspektlərdə Azərbaycandakı erməni işğalının acı nəticələrini göstərən albom və bukletlər nəşr etdik. Mətbuatla əlaqələrimizi xeyli genişləndirdik. 2013-cü ildə Macarıstanın Döndöş və Tisavaşvaroş şəhərlərinin işğal altındakı Şuşa və Ağdam şəhərləri ilə qardaşlaşmasına nail olduq. Doğrudur, bu daha çox simvolik akt idi. Amma həm də macarların tarixi Şuşa şəhərinin məhz Azərbaycana, azərbaycanlılara məxsus olmasını açıq şəkildə etiraf etmələri idi.
Ekstradisiya faktının özü və ardınca cərəyan edən hadisələr çoxəsrlik erməni-macar münasibətlərinin mövcudluğuna ciddi zərbə oldu. Çünki artıq dörd ildən çoxdur ki, Macarıstanla Ermənistan arasında birbaşa diplomatik əlaqələr mövcud deyil. Əslində bu bizim can atdığımız məqsədlərdən biri idi.
(ardı var)
MediaFax