Pensiya yaşı niyə artırılır? - Açıqlamalar

Azərbaycanda peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddinin artırılması, pensiya sistemi ilə bağlı digər düzəlişləri özündə əks etdirən "Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi Milli Məclisə daxil olub. 

Layihənin 2017-ci il yaz sessiyasında müzakirəyə çıxarılması planlaşdırılır. Bəs görəsən əmək pensiyasına görə yaş həddinin artırılması təklifi hansı zərurətdən irəli gəlir?

Mövzu ilə bağlı saytımıza açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, Azərbaycanda demoqrafik vəziyyətlə bağlı təqaüd yaşının artırılması ilə bağlı məsələ gündəmdə olmamalıdır: "Əgər bu məsələ gündəmə gəlirsə, deməli problemin kökü başqadır". 

Ekspert bildirib ki, Avropa ölkələrində təqaüd yaşının qaldırılması trendi yaşanırdı: 

"Son vaxtlar bununla bağlı ciddi müzakirələr gedirdi. Amma burda vəziyyət başqa idi. Demoqrafik vəziyyətlə əlaqəli Avropa ölkələrində əhalinin qocalma sürətinin artması, doğuşun zəifləməsi, gənc nəslin iş yerlərində daha az təmsil olunmasını nəzərə alaraq yaş həddini qaldırmağı düşünürdülər. Bir neçə ölkədə isə bu addımlar atıldı. Azərbaycanda demoqrafik vəziyyət pis deyil. Əhalinin böyük bir hissəsini gənc nəsil təşkil edir". 

Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda təqaüd yaşını artırmaqla vəsaitə qənaət etmək kimi bir məsələ gündəmə gələ bilər: 

"Çox güman ki, səslənən təkliflərin kökündə iqtisadi çətinliklər durur. Əhalinin bir hissəsinin təqaüdünün verilməsi prosesinin gecikdirilməsi, bir neçə il uzadılması məhz buna xidmət edə bilər ki, Azərbaycanda təqaüd fonduna ayrılan vəsaitlərə qənaət olunsun. Büdcədə bunun üçün gələcəkdə nəzərdə tutulmuş ödənişlərdə azalmalar müşahidə olunsun. Başqa bunun məntiqi və iqtisadi izahı yoxdur. Çünki siyasi və demoqrafik problemlər Azərbaycanda yaşanmır ki, bunu əldə rəhbər tutaraq belə bir addım atılsın".

Mövzu ilə bağlı saytımıza açıqlama verən Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, belə bir dəyişiklik layihəsi barədə məlumatı yoxdur: 

"Qanun layihəsinə dəyişiklik təklif olunanda o komitələrdən keçir, orda müzakirələr olur. Təkliflər ola bilər, ancaq bizim belə bir layihə ilə tanışlığımız yoxdur. Bununla bağlı sənədi aldıqdan sonra, bu barədə danışa bilərəm"./qaynarinfo.az/

MediaFax