“Oyunun pozulduğunu görməlidirlər” - Ərdoğandan Suriya açıqlaması

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Cerablus şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üçün keçirilən əməliyyata münasibət bildirib.  
 
APA-nın "CNN Türk” telekanalına istinadən verdiyi məlumata görə, əlillərlə görüşdə çıxış edən R. T. Ərdoğan deyib ki, bu gün səhər saat 04.00 radələrində ordu Suriyanın şimalında Türkiyəni təhdid edən İŞİD və PKK-nın Suriya qolu PYD kimi terror təşkilatlarına qarşı əməliyyata başlayıb: "Ölkəmizə hücumlar işi bu nöqtəyə gətirdi. Biriləri bizə meydan oxuyur ki, Türkiyə Suriyaya daxil olsa, pis olacaq. Sizə nə olacağına baxın! Türkiyəyə qarşı təhdid yaradan kim olursa olsun, ordumuz, polisimiz onun qarşısındadır. Qaziantepdə 53 vətəndaşımızın şəhid edilməsinin hesabını ağır ödəyəcəklər. Dünya terroru sadəcə qınayır, seyr edir. Heç bir dövlətin etmədiyini biz Suriya üçün etdik. Suriyadan ölkəmizə qarşı hücumlara artıq son qoyulmalıdır. PKK-nı, İŞİD-i üzərimizə salanlar artıq bu oyunun pozulduğunu görməlidirlər. Vətənimizi parçalaya, bu dövləti, xalqı diz çökdürə, bu xalqa boyunduruq vura bilməyəcəksiniz. Artıq heç kim Suriya məsələsini Türkiyənin daxili işlərindən kənar görə bilməz. Biz Yaxın Şərqlə, Qafqazla bir əsr əvvəl bir yerdə olduğumuzu unuda bilmərik, onlara arxa çevirə bilmərik”.
 
R. T. Ərdoğan ABŞ-ın vitse-prezidenti Co Baydenin Ankaraya gəldiyini və onunla görüşəcəyini söyləyib: "Baydenə deyəcəyəm ki, 1998-ci ildən Fətullahçı Terror Təşkilatının lideri ölkənizdədir. ABŞ və Türkiyə arasında cinayətkarların ekstradisiyası ilə bağlı imzaladığımız müqavilənin 9-cu bəndinə əsasən Fətullah Güləni Türkiyəyə təhvil verməlisiniz. ABŞ-a lazımi sənədləri göndərmişik. Biz ABŞ-ın istədiyi cinayətkarları sorğu-sualsız ABŞ-a təhvil vermişik, çünki strateji ortağıq. Əgər biz strateji ortağıqsa, bu cür adamı ABŞ-da saxlamaq ABŞ-a heç nə qazandırmır”. 

MediaFax