Çovdarovun sahibsiz qalmış 3 milyonluq binası - Fotolar

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi general Akif Çovdarovun məhkəməsi davam edir.
 
Həbsdəki general növbəti dəfə dekabrın 19-da hakim qarşısına çıxarılacaq.

Mənimsəmə, quldurluq, mütəşəkkil dəstə yaratmaqla külli miqdarda əmlak əldə etmə, rüşvət alma, vəzifə saxtakarlığı kimi cinayət əməllərini törətməkdə təqsirləndirilən Akif Çovdarov həbs edildikdən sonra ona və yaxınlarına məxsus əmlaklarının üzərinə məhkəmə qərarı ilə həbs qoyulub. 

Çovdarovun Bakının Nəsimi, Səbail, Binəqədi, Xətai, Nərimanov, Nizami, Yasamal, Sabunçu və bölgələrdə- Qəbələ, Kürdəmir, Xızı, Abşeron, Şamaxı rayonlarında olan və üzərinə həbs qoyulan əmlaklarının ümumi dəyəri 32.256.900 manat təşkil edir.

Həbs qoyulan əmlaklar arasında evlər, ticarət obyetkləri və torpaq sahələri də yer alır.

Binəqədi rayon məhkəməsinin qərarı ilə generalın üzərinə həbs qoyulan əmlaklarından biri də rayonun 7-ci mikrorayon, Xarici dairəvi küçəsi 10 saylı yaşayış binasının yanında yerləşən 4941 kvadrat metr sahəyə malik 6 mərtəbəli, zirzəmili və mansardlı binadır. 

Tikintisi tamamlanmayan bina "Bolluq” bazarı yaxınlığında yerləşir.

Generalın həbsindən sonra əmlaklarına həbs qoyularkən adı çəkilən bu tikilinin dəyəri 3 milyon 178 min manat olaraq qiymətləndirilib. Qısa zaman ərzində ucaldılan binanın tikintisi Çovdarovun həbsi ilə yarıda qalıb. Hazırda hasara alınan yarımtikilinin nəzarətçisi belə yoxdur. 

Bu obyektin bir neçə mərtəbəsinin ticarət obyekti, bir hissəsinin isə ofis kimi fəaliyyət göstərəcəyi planlaşdırılırmış.../musavat.com/
 






MediaFax