Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Mübariz Məmmədovun epizodu üzrə Gömrük Hospitalının iki həkimi şahid qismində ifadə veriblər. Onlar M. Məmmədovun əməliyyat olunduğunu, ürəyinə stend qoyulduğunu təsdiqləyiblər. Həkimlər bildiriblər ki, M. Məmmədovun döyülməsi barədə onlarda məlumat olmayıb. İclasda çıxış edən A. Çovdarov M. Məmmədovu vurmadığını deyib. Bildirib ki, onun üstünə qışqırıb, yalan danışmamağı tələb edib.
M. Məmmədov isə ifadəsində A. Çovdarov onu döydüyünü deyib.
Vəkil Sadiq Rəsulov jurnalistlərə bildirib ki, A. Çovdarovun səhhətində problemlər var və buna görə iclasda tez-tez fasilə verilir.
Proses günün ikinci yarısında davam edəcək.
İttihama görə, sahibkar Mübariz Məmmədov Badamdar qəsəbəsindəki 18 sot torpaq sahəsini satarkən A. Çovdarov onun müştərisi olub və Rafiq Tağıyevin vasitəsilə həmin ərazini 600 min dollara almağa razılaşıb. Bunun üçün də 300 min dollar beh verilib. Lakin sonradan bəlli olub ki, torpağın iki sahibi var imiş, biri Mübariz Məmmədov, ikincisi isə Gənclər və İdman Nazirliyi. A. Çovdarov işin içində başqa bir dövlət qurumunun olduğunu bildikdən sonra M. Məmmədovu otağına gətirdərək döyüb, işgəncə verib. Bu yolla M. Məmmədovdan behini geri tələb edib, sonra isə torpağın təmənnasız öz yaxın adamının adına keçirilməsinə nail olub.
A. Çovdarov digər epizodlardan fərqli olaraq bu məsələ ilə bağlı ətraflı ifadə verib. O bildirib ki, torpağın müştərisi özü olmayıb: "Rafiq Tağıyev MTN-ə gəlib Mübariz Məmmədovdan şikayət etdi, aldadıldığını, 300 min dollar pulunun dələduzluq yolu ilə ələ keçirildiyini bildirdi. Məsələni həll etmək üçün Mübariz Məmmədovu idarəyə çağırdıq, orada onunla söhbət etdim. Döymədim, başa saldım ki, pulu qaytarsın. Sonra da torpağın taleyinin necə olduğundan, pulun qaytarılıb-qaytarılmadığından xəbərim olmadı”.
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub./APA/
MediaFax