Çovdarov əsəbləşdi: “Yığışdırın bu işləri!”

Akif Çovdarov "Yeni Müsavat”ın iki ay öncə yazdığı şok xəbəri  bu gün təsdiqlədi

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun və onunla birgə tutulan digər 4 sabiq MTN-çinin işi üzrə məhkəmə davam edir. Məhkəmənin əvvəl  Bakı Hərbi Məhkəməsinin binasından keçiriləcəyi bildirilsə də, sonradan proses  Sabunçu Rayon Məhkəməsinin inzibati binasına  dəyişdirildi. 

Məhkəmənin keçiriləcəyi yerin dəyişdirilməsinin səbəbi  barədə ilk olaraq "Yeni Müsavat” sentyabr ayının 16-da yazmışdı.

"Yeni Müsavat”ın əldə etdiyi xəbərdə o da bildirilirdi ki, A.Çovdarovun prosesi keçiriləcək məhkəmə zalında audio-videoyazılışları aparan "Femida” sistemi quraşdırılıb ki, bunun köməyi ilə prosesi məhkəmədən də kənarda canlı izləmək və yayınlanmasını təmin etmək mümkündür.  Bugünkü  prosesdə Akif Çovdarov bu xəbəri  şəxsən təsdiq edib. 

"Bütün buradakı kameraları mən quraşdırmışam və hansının necə işlədiyini də yaxşı bilirəm. Bilirəm ki, burada baş verənlər müvafiq orqanlar tərəfindən izlənir və sonradan həmin materiallar Eynulla Fətullayevə ötürülür. Yığışdırın bu işləri!”,- deyə, həbsdəki general bildirib. 

MediaFax