Çovdarov biznesmen oğlunu necə qaçırtdı?

Ləğv edilmiş MTN-in yüksək rütbəli şəxsləri ilə bağlı açılan cinayət işlərindən ortaya çıxan epizodlardan bəlli olur ki, nazirlik əməkdaşları vəzifə səlahiyyətlərindən istifadə edərək talamaq və gəlir gətirmək məqsədi ilə Bakıda çoxmərtəbəli bina tikintisi ilə məşğul olan iş adamlarından bəzilərini özlərinə qurban seçiblər. 

Bu soyğunlarda adı ən çox hallanan şəxs isə MTN generalı Akif Çovdarovdur. Çovdarovun qurbanı olan həmin iş adamlarının bəziləri isə MTN generalının "toruna düşdükdən” bir neçə il sonra müxtəlif səbəblərlə həbsə düşüblər. Dələduzluq ittihamı ilə həbsə düşən həmin biznesmenlərin cinayət işindən məlum olur ki, onlar tikdikləri binalardakı evləri bir neçə vətəndaşa satmaqla vətəndaşlara külli-miqdarda ziyan vurublar. Bəs niyə? Ölkədə kifayət qədər gəlirli sahə olan tikinti biznesi ilə məşğul olan şəxs əlində bina tikəcək qədər pulu olduğu halda sadə vətəndaşları niyə aldatmaq həvəsinə düşüb?

Belə ki, Çovdarov və dəstəsinin qurbanlarından olan  "Şahbulaq” MTK-nın sədri Nəsib Əliyev vətəndaşlara qarşı külli miqdarda dələduzluqda ittiham edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Çovdarovun cinayət işi üzrə istintaqa zərərçəkmiş şəxs kimi ifadə verən Nəsib Əliyev bildirib ki, MTN generalına ümumilikdə 430 min dollar və 1 milyonluq manatlıq mənzil verib.

Nəsib Əliyev ilk dəfə 2006-cı ildə Çovdarov və dəstəsinin "radar”ına düşüb. Belə ki, 2006-cı ildə MTN əməkdaşları onun ofisinə gələrək nazirliyə çağırıblar. Nazirlikdə onu Çovdarov qəbul edib və ondan 100 min dollar pul tələb edib. Müəyyən danışıqdan sonra 80 min dollara razılıq əldə olunub.  Nəsib Əliyev pulu sabahı gün  Akif Çovdarova çatdırıb.

Çovdarov 2007-ci ildə Nəsib Əliyevin oğlunu yoldan qaçırdaraq MTN-ə gətirdib. Oğlunun dalınca gələn sahibkar Çovdarovla görüşüb. Oğlunu bir də görə bilməyəcəyi hədəsi ilə Çovdarov ondan daha 500 min dollar tələb edib. Uzun sürən söhbətlərdən sonra 350 min dollara razılıq əldə edilib. Zərərçəkən qohumdan-əqrabadan topladığı borcla Çovdarova 350 mini verib və oğlunu həbsdən xilas edib.

Nəsib Əliyev bununla da Çovdarovun caynağından qurtula bilməyib. 2009-cu ildə Çovdarov onu başqasının əmlakını ələ keçirmə adı ilə yenidən MTN-ə gətizdirib. Ona hədə-qorxu gələrək 1 milyon pul tələb edib. O qədər pulunun olmadığını deyən Nəsib Əliyev bunun əvəzində 1 milyonluq mənzil verməsi təklifi ilə razılaşmalı olub. Nəsib Əliyev 1 milyonluq mənzili Çovdarovun yaxınlarının adına keçirib.

Daha bir zərərçəkmiş və zərərvurmuş şəxs isə "AzərTikinti ATF”MMC-nin rəhbəri Azər Quliyevdir. O da vətəndaşlara qarşı külli miqdarda dələduzluqda təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Bu iş adamının taleyi isı digərlərindən daha ağır olub. Belə ki, 2015-ci ilin avqust ayında Azər Quliyev cəza çəkdiyi  həbsxanada dünyasını dəyişib.

Azər Quliyev zərərçəkən kimi istintaqa ifadəsində bildirib ki, 2008-ci ilin fevral-mart aylarında Akif Çovdarov digər dəstə üzvü Səlim Məmmədovun vasitəsi ilə 2008-ci ilin fevral ayında onu MTN-ə çağırıb. A. Çovdarov A. Quliyevin 8 saat ərzində yaxın qohumları, ailə üzvləri ilə əlaqə saxlamasına imkan vermədən hərəkət sərbəstliyini məhdudlaşdırıb nazirlik əməkdaşlarının xidməti otaqlarında, dəhlizdə saxlamaqla qanunsuz azadlıqdan məhrum edib.

A. Çovdarov xidməti otağında onunla görüşərək qarşılıqlı biznes əlaqələrinə malik olduğu şəxslərlə aralarında yaranmış borc öhdəliyi barədə məlumatları bəhanə edərək, "Orxan” MMC ilə bağladığı müqavilə əsasında Bakı şəhəri Telnov küçəsi 2347/48-ci məhəllədə inşa etdiyi 16 mərtəbəli yaşayış binasından saxta sənədlərlə ayrı-ayrı şəxslərə təkrar mənzillərin satışına görə barəsində cinayət işi başlanılacağı, həbs ediləcəyi ilə şəxsən hədələyib və 1 200 000 ABŞ dolları məbləğində pul vəsaiti tələb edib. 2 mənzilin ona  verilməsi ilə razılaşıb. Bundan əlavə, 2008-c il martın 11-də Azər Quliyevi direktoru olduğu "Azərtikinti-ATF” MMC ilə "Babək-94” müstəqil kiçik müəssisəsi arasında bağlanılmış müqavilə əsasında inşa edilən Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 2942a məhəllə, M. Hadi və İ. Zülfüqarov küçələrinin arasında (hazırda Xudu Məmmədov küçəsi, 34) inşa edilən yaşayış binasında öz payına düşən 62 860 manat dəyərində 89,8 kvadrat metr ölçüdə olan və bazar dəyəri 115 500 manat təşkil edən həmin ölçüdə mənzilləri dəstə üzvü Səlim Məmmədovun yaxın münasibətlərdə olduğu Bağırov Kazım Alməmməd oğlunun adına sənədləşdirilməsi ilə hər iki mənzili dəyəri ödənilmədən əvəzsiz sürətdə hədə-qorxu ilə əldə edib.

Həmçinin 2008-ci il mart ayında Səlim Məmmədov Bakı şəhəri 8-ci kilometr yaşayış massivi, "Borçalı” şadlıq sarayının yaxınlığında Azər Quliyevlə görüşüb ondan hədə-qorxu ilə müvafiq dövrün məzənnəsinə görə 12 478 manata bərabər 15 000 ABŞ dolları alıb. Bununla onlar özgənin külli miqdarda pul vəsaiti və əmlakını mütəşəkkil dəstə tərkibində təkrarən hədə-qorxu ilə tələb edib ələ keçirməklə fiziki və hüquqi şəxslərin hüquqlarına, mənafelərinə, həmçinin, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurublar.

Çovdarovun tikinti qurbanların biri də "Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımovdur. İlham Qasımov da külli miqdarda dələduzluqda təqsirləndirilərək həbs edilib. Hazırda onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baxılır. Prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxışında İlham Qasımovun 13 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Yaxın günlərdə İlham Qasımova hökm oxunacaq.

İlham Qasımov Çovdarovun cinayət işi üzrə istintaqa zərərçəkmiş şəxs qismində ifadə verərək bildirib ki, 2007-ci ildə Akif Çovdarov qardaşı İslam Qasımovu MTN-ə aparıb. Ona müxtəlif cür təzyiqlər edib. Bundan sonra Çovdarov İlham Qasımovu da nazirliyin binasına dəvət edib, qardaşının bədəninə elektrik cərəyanı verməklə işgəncə edəcəyi barədə hədə-qorxu gələrək 500 min dollar tələb edib. Tərəflər arasında söhbətdən sonra 250 min dollara razılıq olub. İlham Qasımov bu pullu birbaşa Çovdarova verib.

Üstündən 2 il keçəndən sonra Çovdarov yenidən İlham Qasımovu tələyə salıb. Ofisində odlu silah aşkarlanacağı ilə hədələyərək onu MTN-ə gətizdirib. Onun barəsində cinayət işi açılacağı barəsində hədə-qorxudan sonra İlham Qasımov Çovdarova yenidən 250 min dollar verməli olur.

İlham Qasımov bununla da Çovdarovun əlindən qurtula bilmir. 2011-ci ildə yenidən İlham Qasımov həbslə hədələnir.  İlham Qasımov bu dəfə 200 min dolları Akif Çovdarova verir.

İlham Qasımov 2015-ci ilin əvvəllərində yenidən Çovdarovla üz-üzə gəlir. Çovdarov onun oğlu Nurlan Qasımlını narkotik maddələrin qanunsuz dövriyyəsi adı altında həbs etdirir. İlham Qasımov nazirliyə dəvət olunur. Çovdarov bu dəfə 300 min dollar tələb qoyur. İlham Qasımov isə həmin məbləği verməyəcəyini deyir. Aparılan söhbət əsasında sonda 50 min dollara razılıq əldə olunur.

…və yuxarıda adı çəkilən biznesmenlər bu hadisələrdən bir neçə müddət sonra dələduzluqda təqsirləndirilərək həbs edilir./lent.az/

MediaFax