Azərbaycanın "2017-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin xərclər hissəsinə dəyişiklik edilib.
Yenilənmiş layihədə müdafiə xərcləri 63,6% və yaxud 1,027 mlrd. manat artırılaraq 1,615 mlrd. manatdan 2,642 mlrd. manata çatdırılıb.
Bu vəsaitin 1 269,9 mln. manatı müdafiə qüvvələri, 111,9 mln. manatı milli təhlükəsizlik, 2,6 mln. manatı müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 1 257,6 mln. manatı isə bu kateqoriyalara aid edilməyən sahələrin payına düşüb.
"Müharibə şəraitində yaşayan dövlətimizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin edilməsi xərclərinə 2017-ci ilin dövlət büdcəsi xərclərinin 16,7%-i həcmində və ya 2,8 mlrd. manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 77,0 mln. manat və ya 2,9% çoxdur", - deyə layihənin təqdimatında qeyd olunub.
Bundan başqa. gələn ilin büdcəsində sənaye və tikinti xərcləri xərcləri də 639 mln. manat və yaxud 34% artırılaraq sənaye, tikinti və faydalı qazıntılar üzrə xərclər olmaqla 2,521 mlrd. manata çatdırılıb.
Bu artımlar təhsil, elm, səhiyyə, mədəniyyə, kənd təsərrüfatı və digər sahələrdəki azalmalar hesabına baş verib.
İlkin variantla müqayisədə ümumi dövlət xidmətləri xərci 152,8 mln. manat və ya 5,1% azalaraq 2,845 mlrd. manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 19,9 mln. manat və ya 1,6% azalaraq 1,214 mlrd. manat, təhsil xərcləri 126,1 mln. manat və ya 6,8% azalaraq 1,733 mlrd. manat, səhiyyə xərcləri 30,4 mln. manat və ya 3,9% azalaraq 745,4 mln. manat, sosial müdafiə xərcləri 64,6 mln. manat və ya 3,1% azalaraq 2,053 mlrd. manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət üzrə xərclər 230,4 mln. manat və ya 45% azalaraq 282,6 mln. manat, yanacaq və enerji xərcləri 1,0 mln. manat və ya 22,2% azalaraq 3,5 mln. manat, kənd təsərrüfatı, müşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərcləri 305,5 mln. manat və ya 37% azalaraq 517,4 mln. manat, iqtisadi fəaliyyətlə bağlı sair xərclər 102 mln. manat və ya 35% azalaraq 191,5 mln. manat, əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər 632,9 mln. manat və ya 30,5% azalaraq 1,445 mlrd. manat olub.
Yalnız nəqliyyat və rabitə xərclərinə dəyişiklik edilməyib və bu sahə üzrə əvvəlki kimi 101,8 mln. manat xərc proqnozlaşdırılır.
Qeyd edək ki, bu dəyişikliklərə baxmayaraq büdcənin ümumi gəlir və xərcləri dəyişməz qalıb. 2017-ci il dövlət büdcəsinin gəlirləri 15, 955 mlrd. manat, xərcləri 16,6 mlrd.manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 334 706,0 min manat, yerli gəlirləri 620 294,0 min manat, mərkəzləşdirilmiş xərcləri 15 911 286,0 min manat, yerli xərcləri 688 714,0 min manat) məbləğində proqnozlaşdırılıb.
Xatırladaq ki, 2016-cı ilin təsdiqlənmiş büdcəsində müdafiə xərclərinin proqnozu 1 mlrd. 838 mln. manatdır. Bu vəsaitin 1,723 mlrd. manatı müdafiə qüvvələri, 108 mln. 895 min manatı milli təhlükəsizlik, 2 mln. 422 min manatı müdafiə və təhlükəsizlik sahəsində tədqiqatlar, 3 mln. 022 min manatı isə digər kateqoriyalara aid edilməyən xərclərin payına düşüb.
Daha sonra "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklər eilib və Azərbaycan 2016-cı ildə müdafiə xərclərini 391 mln. manat və ya 21,3% artırıb. Buna səbəb müdafiə qüvvələrinə xərclənəcək vəsaitin 391 mln. manat artırılması olub./report.az/
MediaFax