Onun maşınının saxlanılmasını mən əmr etmişəm - General

Keçmiş xarici işlər naziri Tofiq Zülfüarov Heydər Əliyev prospekti ilə hərəkət edərkən onun avtomobilinin saxlanılıb cərimə meydançasına aparılmasını əmr edən generalın olduğu xidməti avtomobilin nömrəsinin 10 AA 102 olduğunu yazıb.
 
Məlum olub ki, həmin avtomobil Bakı şəhər Baş polis idarəsinin rəis müavini Səhlab Bağırovundur və keçmiş nazirin avtomobilinin saxlanılmasını da general əmr edib.

Bunu Səhlab Bağırov özü lent.az-a açıqlamasında təsdiqləyib. "Sürücü yol hərəkəti qaydasını pozub, saxlanılıb və avtomobil cərimə meydançasına aparılıb”-general deyib.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimai strukturlarla iş şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə generalın bu açıqlamasının yayılmasından əvvəl virtualaz.org-a demişdi ki, keçmiş nazirin avtomobili konkret qayda pozuntusuna görə saxlanılıb və cərimə dayanacağına aparılıb.

"Mən hörmətli Zülfüqarova təklif edirəm ki, bizim idarəyə gəlsin və öz iradlarını bildirsin. Mən hörmətli diplomatla şəxsən görüşməyə və ona Heydər Əliyev prospekti ilə hərəkət edərkən yol hərəkəti qaydalarını pozduğunu əks etdirən kamera görüntülərini təqdim etməyə hazıram”-Vaqif Əsədov deyib.

Polkovnik Əsədov keçmiş nazirin avtomobilinin generalın əmri əsasında saxlanıldığını da təkzib etmişdi. Onun sözlərinə görə, Zülfüqarovun avtomobilinin saxlanılmasına dair qanunsuz əmr verilməyib.

MediaFax