Onu bıçaqlayan adamla barışdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Quba rayon sakini 21 yaşlı Kamran Baxışovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
 
Prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, K.Baxışov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən Kamran Baxışov məhkəmə prosesi zamanı ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində zərərçəkmiş Mikayıl Musayevi onun dayısı qızının arxasınca düşdüyünə görə bıçaqladığını göstərib.

Zərərçəkən Mikayıl Musayev ifadəsində mübahisə zamanı söyüş söydüyünü deyib. O, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi olmadığını, onunla barışdıqlarını göstərib.

Qeyd edək ki, hadisə Qubanın Rustov kəndində baş verib. Kənd sakini Kamran Baxışov həmyerlisi Mikayıl Musayevi bıçaqlayıb. Ayaq nahiyəsindən xəsarət alan M.Musayev Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə çatdırılıb. K.Baxışov Quba Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən saxlanılıb./virtualaz.org/

MediaFax