Rio-2016 Yay Olimpiya Oyunlarında qeyri-adi hadisə baş verib.
Apasport.az saytının məlumatına görə, qadınlar arasında 5000 metr məsafəyə qaçışın yarımfinal mərhələsində sonuncu yeri tutan iki idmançı finalda iştirak hüququ qazanıb.
Onlar bu hüquqa feyr-pley nümunəsi göstərdikləri üçün yiyələniblər. Məsələ burasındadı ki, yarışın 3000 metr məsafəsi geridə qaldığı bir vaxtda yeni zelandiyalı Nikki Hamblin önündəki ABŞ təmsilçisi Abbey D’Aqnostinoya ilişərək, onun yerə yıxılmasına səbəb olub. Yeni Zelandiya yığmasının üzvü yarışı unudaraq həmkarını ayağa qaldırmağa çalışıb. Ancaq D’Aqnostino dizindəki ağrılara görə bir müddət yerdən qalxa bilməyib. Hamblin özünü toparlayıb yarışı bitirdikdən sonra yenidən geri qayıdıb və həmkarına dəstəyini davam etdirib. D’Aqnostino azarkeşlərin alqış sədaları altında axsaya-axsaya finiş xəttini keçdikdən sonra idmançılar qucaqlaşıblar.
Yarışdan sonra idmançılar rəsmi etiraz ediblər. Təşkilatçılar isə onların bu nümunəvi addımını nəzərə alaraq, hər ikisinin finalda iştirak etməsini qərara alıb.
Qeyd edək ki, final yürüşü Bakı vaxtı ilə saat 04:40-da başlayacaq./apasport.az/
MediaFax