Obama sanksiyaların səbəbini açıqladı: “Seçkilərə müdaxiləyə cavabdır”

ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı sanksiyaların seçkilərə müdaxilə və ABŞ diplomatlarına göstərilən təzyiqə cavab olaraq tətbiq edildiyini bildirib.
 
"RİA Novosti”nin verdiyi xəbərə görə, rəsmi Moskva hər iki ittihamı rədd edir.  
 
"Bu gün mən Rusiya hökumətinin Amerikanın rəsmi şəxslərinə göstərdiyi aqressiv təzyiqə və ABŞ-dakı seçkilərə qarşı yönəlmiş kiber əməliyyatlara cavab olaraq bir sıra addımların atılmasına dair göstəriş vermişəm.  Bu tədbirlərdən öncə Rusiya hökumətinə bir neçə dəfə fərdi və publik şəkildə xəbərdarlıq edilib. Bu tədbirlər qəbul olunmuş beynəlxalq davranış normalarının pozulması ilə ABŞ-ın maraqlarına zərər vurulması məqsədilə  göstərilən səylərə lazımi və münasib cavabdır”, - deyə Obamanın yazılı bəyanatında bildirilir.   
 
ABŞ prezidentinin sözlərinə görə, amerikalılar Rusiyanın əməllərindən narahatlıq hissi keçirməlidirlər: "Oktyabrda ictimaiyyətə bildirilirdi ki, Rusiya ABŞ-dakı seçki prosesinə müdaxilə etmək məqsədilə addımlar atıb. Məlumatların oğurlanması və onların ictimailəşdirilməsi üzrə sonrakı addımlar yalnız Rusiya hökumətinin ən yüksək səviyyəsində razılaşdırıla bilərdi. Bundan başqa, bizim diplomatlar Moskvada Rusiyanın xüsusi xidmət orqanları və polisi tərəfindən qəbuledilməz təzyiqinə məruz qalırlar”, - deyə Obama qeyd edib.     
 
Dövlət Departamenti də, öz növbəsində, amerikalı diplomatların Rusiyada uzun müddət ərzində sıxışdırılmasına və  törədilən kiber hücumlara görə Moskvanı günahlandırıb.
 
Bununla bağlı 35 rusiyalı diplomatın ABŞ-dan çıxarılmasına dair qərar qəbul edilib./APA/

MediaFax