O da Lider TV-dən ayrılıb

Lider TV-nin "Lider Xəbər” Departamentinin rəis müavini, "Gənclər” redaksiyasının baş redaktoru və "Səda” informasiya proqramının əsas xəbər buraxılışının aparıcısı Günel Gözəlova kanalla yollarını ayırıb.
 
Bu barədə yenicag.az saytı məlumat yayıb. Jurnalist 13 il çalışdığı telekanalla əməkdaşlığa 2016-cı ilin noyabr ayında son verib.
 
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin Televiziya və radio işçilərinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncamı ilə mükafatlandırılanlar arasında olan və illərdən bəri ‘’Səda’’nın simasına çevrilən Günel Gözəlova artıq iki aydır ki, efirdə yoxdur.
 
Məlumat üçün bildirək ki, bu, Lider TV-nin aparıcı simalarının kanalı tərk etməsiylə bağlı ilk hal deyil. Bundan əvvəl də "Lider Xəbər” Departamentinin rəisi İlham Abdulov, "Lider TV və Azərbaycan radiosu” MMC-nin baş prodüseri Vüsalə Babayeva və "Lider Xəbər’’ Departamentinin aparıcısı, "Ekonomiks” qrupunun rəhbəri Mehman Mehdiyev də TV-dən ayrılmışdı.

Tanınmış telejurnalistlərin Lider TV-dən ayrılmalarının səbəbləri barədə yayılan xəbərlərdə son dövrlərdə telekanalda az ödənişli qeyri-peşəkarlara daha geniş meydan verilməsi və yaradıcılıq prosesinə müdaxilələrin ifrat səviyyəyə çatması bildirilir.

"Lider” TV-nin adları çəkilən tanınmış aparıcılarının telekanaldan ayrılma səbəblərini açıqlayan "Səda” Xəbərlər Departamentinin rəhbəri Anar Şükürov isə onların öz ərizələri əsasında işdən azad olunduqlarını deyib: "Bu barədə onların özləri ilə də əlaqə saxlayıb, "Lider”dən getmələrinin səbəbini öyrənə bilərdiniz. Ancaq bu barədə məndən soruşursunuzsa, onların hər biri hər hansı narazılıq bildirmədən öz ərizələri ilə işdən çıxıblar. Yəqin siz də bilirsiniz ki, "Lider” TV-dən ayrılan o aparıcılar kifayət qədər peşəkar insanlardır və hazırda daha yüksək vəzifələrdə çalışırlar. Ümumiyyətlə, bizim telekanalı tərk edən əməkdaşların əksəriyyəti öz karyerasında ancaq irəli gedir”.

MediaFax