ARDNF-dən Mərkəzi Banka ayrılacaq 7,5 milyardı manat və banklar sürətlə "yeyəcək". Neft gəlirlərinə münasibətdə yığım və xərcləmələrlə bağlı qərarlar uzunmüddətli dövr üçün nəzərdə tutulan fiskal qaydalarla tənzimlənməlidir.
İqtisadçı Qubad İbadoğlu bu barədə şərh verərkən deyib ki, yalnız fiskal qaydaların tətbiqi neft gəlirlərinin istifadəsini siyasi proseslərdən kənarda saxlayır və vəsaitlərin izafi xəclənməsinə yönəlmiş siyasi təzyiqlərin qarşısını almağa kömək edir:
"Eyni zamanda belə qaydaların mövcudluğu iqtisadi böhran dövründə xüsusilə də maliyyə sektorunun etirablılığını təmin edir. Bu sadə həqiqəti başa düşənlər, nəhayət ki, 10-15 il bundan əvvəldən tətbiq edilməsi zəruri olan qaydaların "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununun tətbiqi barədə fərmanda bu il hazırlanmasına qərar veriblər. Fərmana görə, ARDNF-dən dövlət büdcəsinə transfertin yuxarı həddinin tənzimlənməsinə və fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə yeni qaydalara dair təkliflər Maliyyə Sabitliyi Şurası tərəfindən hazırlanıb, 6 ay müddətində prezidentə təqdim edilməlidir. Əgər bu qaydalar qəbul edilərsə, ondan sonra dövlət büdcəsinə nəzərdə tutulan transfertin yuxarı həddinin aylıq və rüblük bölgü əsasında həyata keçirilməsini Maliyyə Nazirliyi Mərkəzi Bankla əlaqələndirməklə təmin edəcək.
Göründüyü kimi, fiskal qaydalar bu il hazırlansa da növbəti ildən tətbiq olunacaq. Bu isə o deməkdir ki, fiskal qaydalar ən yaxşı halda ARDNF-yə daxil olan gəlirlərin 80 faizə qədəri xərclənəndən sonra işləyə bilər. Məlumat üçün qeyd edim ki, ARDNF-nin 2001-ci ildən etibarən ötən ilin dekabrınadək tarixinə qədər Azəri Çıraq Günəşli yataqlar bloku üzrə 121,586 mlrd. ABŞ dolları, "Şahdəniz” yatağı üzrə isə 2,506 mlrd. ABŞ dolları həcmində, bütövlükdə isə 124 milyard 92 milyon ABŞ dolları olub.
Bu qaydaların zəruriliyi və fiskal çərçivənin müəyyənləşdirilməsinin vacibliyi barədə 2006-cı ildən indiyə qədər dəfələrlə çıxış etsək, hətta rəsmi olaraq təklirlərimizi 2012-ci ildə Maliyyə Nazirliyinə göndərsək də, ötən ilin sonuna qədər ona əhəmiyyət verən olmayıb. Çox gec olsa da fiskal qaydaların hazırlanmasına 6 ay vaxt ayrılması da indiki şəraitdə təsadüfi sayıla bilməz”.
O qeyd edib ki, cari ildə Fondun xərcləri ötən illə müqayisədə 6,3 milyard manat çox proqnozlaşdırılıb ki, onu da heç bir fiskal çərçivə və qayda ilə əsaslandırmaq mümkün deyil:
"Fondun xərclərinin bu dəfəki artımında xüsusi rol oynayan ARDNF-dən Mərkəzi Banka 7,5 milyard manatlıq transfertdır ki, onun da çox hissəsi manatın məzənnəsinin səmərəsiz tənzimlənməsinə və əvvəldən xəstə doğulmuş "parnik"də bəslənən bir sıra bankların sağlamlaşdırılmasına yönəldiləcəyi ehtimal olunur. Bu məqsədlə xərclənəcək vəsait ilin sonuna Neft Fondunun aktivləri 30 milyard dollaradək azalda bilər.
Q.İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı olaraq fiskal qaydaları 6 aya deyil, 1 həftəyə hazırlayıb, təqdim etməyə hazır olduqlarını bildirib.
"Bu məqsədlə daha ardıcıl və sabit xərcləmələrə yol açan fiskal qaydaların işlənməsinin müxtəlif metodologiyasını da təklif edirik, maraqlananlar tanış ola bilər:
1) Balanslaşdırılmış büdcə qaydası – Cari xərclər "dövrü qaydada” qeyri-neft gəlirləri ilə tarazlaşdırılır;
2) Xərclənmə qaydası – Ümumi və cari xərclərə mütləq mənada limit qoyulur. Bu limit xərclərin atrımı baxımından və ya ÜDM-də xüsusi çəkisi əsasında müəyyənləşdirilə bilər.
3) Borclanma qaydası – Dövlət borclarına ÜDM-in faizinə limit qoyulur və onun ödənişi uzunmüddətli dövrdə proporsional əsasda tənzimlənir.
4) Gəlir qaydası – Büdcəyə daxil olan gəlirlər üzrə minimum və maksimum hədd tətbiq olunur.
5). Çıxarmalar/ayırmalar qaydası – Fonda yığılan cari gəlirlərdən və aktivlərdən ayırmalara limit qoyulur. Sonuncu qayda demək olar ki, təbii resurslarla zəngin olan əksər ölkədə müxtəlif metodlarla tətbiq olunur. Onlar aşağıdakılardır:
• Daimi gəlir hipotezi;
• Mütləq dəyişkən köçürmələr (Nörveç təcrübəsinə görə, idarəetmədən əldə olunan gəlirlərin 4%-ə qədəri xərclənə bilər)
• Dəyişən diapozonlarla sabit səviyyəyə əsaslanan köçürmələr (Qazaxıstan təcrübəsinə görə, orta illik transfertlər 8 milyard ABŞ dolları olmalıdır+/-15 %)
• Vaxtaşırı yenilənən daimi köçürmələr (Bu göstərici cari il, 5
• keçmiş və 5 qarşıdakı ildəki xərcləmələri illərin sayına bölüb orta məbləği tapıb, ona nisbətdə xərclənmə faizini müəyyənləşdirməklə hesablanır).
• Qeyri-neft ÜDM-nin artım dərəcəsinə proporsional köçürmələr (Bu göstərici neft gəlirlərinin xərclənmə səviyyəsinin qeyri-neft ÜDM-in artımı arasında korrelyasiyanı təyin edir)”.
MediaFax