Nurayın xalası danışdı: “Barışıq olmalıdır”

Nuray Bayramzadənin xalası Mehriban Eldarova Nurayın xətrinə barışığa hazır olduğunu bəyan edib.

10 yaşlı Nurayın xalası mehriban Eldarova uşağın təhsili və gələcəyi ilə bağlı saytımıza müsahibə verib.

-Hazırda Nuray Bayramzadənin gələcəyi ilə bağlı aidiyyatı qurumlar müzakirələr aparır, son vəziyyət neçədir?

-Anlaya bilmirəm, insan insana bu qədər iftira atar? Bilirsiniz, bu saat Nuray hansı vəziyyətdədir? Deyirlər ki, uşağı anasından, evindən ayırıb Bakıya gətirilməlidir. Bu Nurayın səhhətini bir az da pozub. Nurayın dodaqları şişib, hərəsi 1 kiloqramdır. Rəngi ağappaq, özü də ağlayır, dərman atıb güclə sakitləşdirmişəm. Uşaq səksəkədədir. Təcili yardım çağıra bilmirəm, deyir "məni ona qoyub aparacaqlar”. O, atasını 10 ildə bir dəfə görməyib. Birdən-birə onu həmin atama necə vermək olar?! 2011- ci ildə icra hakimiyyətində Sona xanım adlı bir qadın işləyirdi, o, indi də sağdır. O, bizi və Əvəzin yaxınlarını dəvət elədi barışığa gəlin. Əvəz bəyin doğmaları dedi ki, "nə danışırsınız, belə söhbəti heç qardaşımıza deməyin”. Axı, sənin özün razı olmamısan.

-Sizi mərhum bacınızdan qalan evə sahib olmaq niyyətində ittiham edirlər?

-1995-ci ildə biz ev üçün torpaq almışıq. Həmin vaxtı bir adamın iki evinin olmasına icazə yox idi. 1996-ci ildə evi tikdik. 2004-cü ildə bacım evlənib, 2008-ci ildə isə boşanıb. Onun xəstə olduğunu öyrənəndə biz evlərimizi satışa çıxardıq. Mənim evim şəhərdə olduğu üçün o birinci satıldı. Bacımın müalicəsi üçün mən iki ev satmışam, birini də bu kənddə, ikincisi Qubada. Bacım da evini sənədlə mənə bağışladı. İndi qurumlar apardığı müzakirələrdə deyirlər mən uşağı evə görə saxlamışam. Əgər bu belədirsə, o zaman mən həmin evi Nurayın adına keçirirəm. 18 yaşı olanda onun olsun, təki Nuraya toxunmasınlar, bu uşaqdı. Heç kəs məni eşitmir. Mənim Əvəzlə heç bir ədavətim yoxdur və olmayıb da. Bizim onunla heç vaxt söhbətimiz olmayıb. O, evləndi, hər şey bitdi. İndi mən haqlı olduğumu necə üzə çıxarım? Sən uşağı sürüyüb cinayət edirsən, aidiyyatı qurumlar bunu görür, amma susurlar. Mən ona uşağı necə verim?

-Xalq sizi barışığa səsləyir. Bu fikirə nə deyirsiniz?

-Əlbəttə ki, barışıq olmalıdır. Nuray əziyyət çəkir. Mən uşağın normal yaşaması üçün hər şeyə hazıram. Təki bu işgəncələrdən uşağın canı qurtarsın. Mən onu böyüdüb, təhsili üçün şərait yaratmışam. Atası isə ağzına gələni danışır. Bəs kənd? Həqiqəti kənd bilir.

-Barışıq olarsa Nurayın atası ilə görüşməsinə icazə verərsiniz?

-Mən heç vaxt, heç kəsə qadağa qoymamışam. Nuray atasına özü yaxınlaşmır, istəmir onu. Bu dəqiqə ondan elə qorxur ki. Uşağın atası ilə görüşməsinə icazə verərəm, niyə də yox. Nuray hazırda həkim nəzarəti altındadır, özünə gəlsin, görüşsün. Övlad Allahın payıdır. Mənim heç kəsin övladını almaq fikirim yoxdur. Mən ona zəng edib arvadının xəstə olduğunu deyəndə Əvəz mənə dedi ki, "at kanalizasiyaya,mənim elə uşağım çoxdur”. Sən dedin at, atmadıq, böyütdük, bizim günahımız nədir? Bütün ailə şokdadır.

-Sizi daha bir məsələdə, Nuray Bayramzadənin dünyagörüşündə atasının pis insan olduğunu formalaşdırmaqda ittiham edirlər?

-Dedilər, amma günah etdilər. Mən elə bir adam olsaydım ailə albomundan şəkilləri götürərdim. O mənim bacımın ruhuna da hörmətsizlik olardı. Ailə albomu bacımın qoyduğu kimidir. Nifrətlə böyüyən insanın sonu necə olar?

-Nurayın atasına nifrəti hardan yaranıb?

-Nuray atasına nifrət etmir. O, atasından qorxur, mənə isə sıx bağlıdır. Uşağın qorxusu odur ki, onu məndən ayırarlar. Ata uşağını görməlidir, amma onu ömründə bir dəfə görmədiyi ögey ananın yanına aparılması necə olar?! Bu uşağın həmin anda aqibətini düşünün. Əvəz də əxlaqi cəhətdən normal adam deyil. Rəsmi bacım və indiki arvadı ilə ailəlidir. Amma qeyri-rəsmi arvadları çoxdur. Tüfeyli bir həyatı var, özü bilər. Qeyri-rəsmi arvadlarından da uşaqlarının olduğunu eşitmişəm. Mən onun həyatı ilə maraqlanmıram./aznews.az/

MediaFax