"Komitə hazırkı vəziyyətdə məhkəmə qətnaməsinin icrası üzrə tədbirlərin davam etdirilməsinin Nuray Bayramzadənin mənafeyinə uyğun olmadığını hesab edir”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Nuray Bayramzadənin məsələsi ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilib ki, 11 noyabr 2006-cı il təvəllüdlü Nuray Əvəz qızı Bayramzadənin xalasından alınaraq atasına verilməsi barədə məhkəmə qətnaməsinin icrası ilə bağlı sosial şəbəkələrdə yayımlanmış video-süjetlə əlaqədar olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuş işçi qrup Quba rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə Quba rayonunda azyaşlı və onun qohumları ilə görüşüb.
Görüş zamanı xalası Mehriban Eldarovanın himayəsində yaşayan Nurayın böyüdüyü və tərbiyə olunduğu şərait yoxlanılıb, onun özü ilə ətraflı söhbət aparılıb. Azyaşlı xalasından (ana deyərək çağırırdı) ayrılmaq istəmədiyini söyləyib. Nurayın xalası atanın uşağı ilə heç vaxt maraqlanmadığını, onu körpə vaxtında atıb getdiyini, uşağın on yaşının tamam olduğunu və buna görə də təkrar olaraq Nurayın öz himayəsində qalması ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib.
N. Bayramzadə 2010-cu ildə anasının vəfatından sonra Quba rayon İcra Hakimiyyətinin sərəncamı ilə xalası M.Eldarovanın qəyyumluğuna verilib. Atası Əvəz Bayramovun iddiası əsasında 2012-ci ildə Quba rayon Məhkəməsi uşağın atasına verilməsi haqqında qətnamə qəbul edib. Sumqayıt Apelyasiya Məhkəməsinin və 28 avqust 2012-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin 10 aprel 2013-cü il tarixli qərarı ilə Quba rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılıb. 7 dekabr 2016-cı il tarixində Quba rayon icra şöbəsində icra prosesi zamanı N. Bayramzadə baş verənlərdən ağır stress keçirib: "Təqdim edilmiş sənəddə Quba rayon Mərkəzi Xəstəxanasının həkim-psixiatrı azyaşlının icra prosesində kəskin psixoemosional və fiziki təzyiqlərə məruz qaldığının şahidi olduğunu bildirib və yaşayış mühitinin dəyişdirilməsinin ona mənfi təsir edəcəyi barədə rəy verib".
Yuxarıda göstərilənləri nəzərə alaraq Komitə hazırkı vəziyyətdə məhkəmə qətnaməsinin icrası üzrə tədbirlərin davam etdirilməsinin Nuray Bayramzadənin mənafeyinə uyğun olmadığını hesab edir: "Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq konvensiyalara əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Qərarların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Məsələ ilə bağlı Komitə tərəfindən Ədliyyə Nazirliyi ilə əlaqə saxlanılıb. Nazirlik baş vermiş insidentlə bağlı hazırda xidməti araşdırma aparıldığını və nəticə üzrə qanunamüvafiq tədbirlər görüləcəyini bildirib”.
MediaFax