“Neftçi”nin ən böyük çatışmazlığı...” - Açıqlama

"Neftçi” qış təlim-məşq toplanışını başa vurub.
 
Klubun saytı xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Elxan Abdullayev Antalya hazırlığının yekunları barədə danışıb:

"Təlim-məşq toplanışını dəyərləndirərək deyə bilərəm ki, hazırlıq prosesi məndə müsbət olduğu kimi, mənfi təəssürat da yaratdı. 16 gün ərzində 22 məşq və 5 yoxlama oyunu keçirdik. Toplanışın ilk hissəsi fiziki hazırlığa üstünlük verdik, ikinci hissəsində isə daha çox texniki-taktiki hazırlıq üzərində çalışdıq. Komanda çox yükləndi və bu yüklənmənin altında yoxlama oyunları keçirdi. Bizə bu şəraiti yaratdığına görə klub rəhbərliyinə təşəkkür etmək istəyirəm. Hər şey yüksək səviyyədə idi. Futbolçulara da minnətdarlığımı bildirmək istəyirəm ki, çox yüklənmələrinə baxmayaraq öz işlərini peşəkarlıqla yerinə yetirdilər. Bunun psixoloji cəhətdən çox ağır olduğunu bilirəm.

Yeni oyunçulara gəlincə, transfer etdiyimiz futbolçulardan ikisi Azərbaycan milli komandasının, biri Gürcüstan yığmasının üzvüdür. Bundan başqa, transferlərdən ikisi Çexiya çempionatının yüksək liqasından, biri Qazaxıstan çempionatından, digəri isə Ukrayna liqasından gəliblər. Digər futbolçularımız kimi, yenilərdən də razı qaldım. Düzdür, çatışmayan cəhətlər də var idi, amma onlarsız da keçinmək mümkün deyil. Çünki ağır yükləmələrlə məşq edən futbolçu səhv buraxa bilər. Amma ən vacibi bu deyil. Artıq biz Bakıya qayıdıb, gündə bir dəfə məşq etməklə yanvarın 29-da "Qarabağ”la baş tutacaq oyuna hazırlaşacağıq.

Heç vaxt futbolçunu baxışa dəvət edib sınamağın tərəfdarı olmamışam. Bayaq bildirdiyim kimi, toplanış məndə müsbət olduğu kimi, mənfi təəssürat da yaratdı. Mənfi olan budur ki, bu günə qədər hücum xəttinə oyunçu tapa bilməmişik. Hazırda "Neftçi” hücumçusuz oynayır. Yoxlama oyunlarında qarşımıza qələbə qazanmaq məqsədi qoymasaq da, bu görüşlər bizim çatışmazlıqlarımızı göstərdi. Bu gün "Neftçi”nin ən böyük çatışmazlığı hücumçunun olmamasıdır. Biz mövsümün əvvəlindən hücumçusuz oynayırıq. Boşluğu orta səviyyəli hücumçularla doldura bilərik, amma bunu eləmək istəmirik. Kardozo da daxil olmaqla, baxışa dəvət edilmiş oyunçular bəlkə də əvvəllər yüksək səviyyəli futbolçular olublar, amma onlar istədiyim oyunu göstərə bilmədilər. Buna görə də Kardozo ilə bağlı qərar verilib, o, geri göndəriləcək. Bununla belə, namizədlər var, hücumçu transferi ilə bağlı danışıqlarımız davam edir. Amma təəssüf ki, güclü hücumçular azad deyillər, klublara məxsusdurlar. Təbii ki, mümkün qədər güclü futbolçu transfer etmək istəyirik, amma klubun büdcəsi də nəzərə alınmalıdır. Çalışacağıq büdcəyə uyğun səviyyəli futbolçu tapaq. Hərçənd qış transfer dönəmində bunu etmək heç də asan deyil. Çox inanmaq istəyirəm ki, "Qarabağ”la oyunadək bu problemi aradan qaldıracağıq. Toplanışdan tam razı qala bilmirəm, çünki hər oyunda məqsəd qələbə qazanmaqdırsa, bunun üçün qol vurmaq lazımdır. Bu gün bizim bu mənada böyük problemlərimiz var. Buna görə də çox istərdik ki, qısa zaman ərzində sıralarımıza lazımi futbolçuları cəlb edə bilək.

Bilirəm ki, azarkeşlər səbirsizliklə bizdən gözəl oyunla yanaşı, qələbə gözləyirlər. Qələbə isə qollar vurmaqla qazanılır. Buna görə də onları yaxşı başa düşürəm. Sevimli azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələn hər şeyi etmək istəyirik”.

MediaFax