14:33
Maliyyə yeyintiləri, qovulmalar, saxta imzalar...
Saytımızın klub daxilində olan mənbələrindən əldə etdiyi məlumata görə, SOCAR rəhbərliyi bu gecə klubun bazasında təcili toplantı keçirdib. Klubun sənədləri yoxlanıb. Yoxlanış zamanı dəhşətli maliyyə yeyintiləri və saxta imzalar üzə çıxıb.
Bundan sonra klubun rəhbəri Çingiz Abdullayevdən başqa bütün müşahidə şurasında çalışanların fəaliyyətinə xitam verilib.
Bu gün səhər Vəli Qasımovun səhhətinin pisləşməsi haqqında yayılan xəbərlər də, həqiqəti əks etdirmir.
Vəli Qasımov klubdan qovulub, sadəcə olaraq oyun qabağı olduğu üçün açıqlama verilmir. Məlumata görə, Qurban bayramı bitdikdən sonra isə, Qasımovun qovulması xəbəri rəsmiləşəcək.
Çingiz Abdullayev isə, transferlərdən xəbəri olmadığını, heç bir sənətdə imzası olmadığını və işləri Elnur Məmmədovun yönəltdiyini qeyd edib.
SOCAR rəhbərliyi isə, bayramdan sonra klubda anarxiya yaradanların hamısının qovulacağını bildirib./musavat.com/
-------------
18:01
Musavat.com saytı dərc etdiyi bir xəbərlə bağlı təkzib məktubu alıb. KİV haqqında qanuna uyğun olaraq, həmin məktubu dərc edirik.
****
"Yeni Müsavat” qəzetinin rəsmi vebsaytında yerləşdirilən "'Neftçi'də islahatlar başladı - Qovulanlar var – Eksklüziv” başlıqla verilən xəbər həqiqəti əks etdirmir. Sizdən "Neftçi” PFK Müşahidə Şurasının mövqeyini dərc etməyə xahiş edirik.
"Neftçi” PFK Müşahidə Şurasının son iclasında komandanın son durumu və klubun fəaliyyəti ilə bağlı müzakirələr aparılmışdı, klubun xərclərinin optimallaşdırılması, eləcə də inzibati heyət və kadr siyasətinə təkrar baxılması ilə bağlı qərar qəbul edilmişdi. Sizə bildirmək istəyirik ki, "Neftçi” PFK müstəqil audit şirkəti ilə müqavilə bağlayan Cənubi Qafqazın yeganə futbol klubudur. Heç bir maliyyə yeyintisindən və saxta sənədlərdən söhbət gedə bilməz.
Müşahidə Şurasının üzvləri öz işini davam etdirir, onlardan heç kimin fəaliyyətinə xitam verilməyib.
Vəli Qasımovun səhhəti ilə bağlı son məlumat bir qədər öncə rəsmi saytımızda yerləşdirilmişdi. Onun baş məşqçi postundan kənarlaşdırması haqqında məlumat həqiqəti əks etdirmir.
Kütləvi İnformasiya Vasitələrindən bir daha dezinformasiya yaymamağı və "Neftçi” PFK ilə bağlı məlumat üçün klubun mətbuat xidməti ilə əlaqə saxlamağı tövsiyə edirik.
Hörmətlə,
Rüstəm Fətəliyev
Neftçi PFK Müşahidə Şurasının Mətbuat Katibi”