Nazirliklə əlbir olan şirkətin özbaşınalığı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  "Kontakt-Home” mağazalar şəbəkəsi ilə birlikdə analoqu olmayan bir işə əl atıb. 

"Kontakt-Home”un şirkətin kreditə verdiyi, ödənişi gecişən  telefonların IMEI kodu nazirlik tərəfindən bağlanır. Nazirliklə şirkət bu yolla müştəriləri tezliklə ödəniş etməyə məcbur edir. Maraqlıdır ki, nazirliyin borca görə İMEİ kodu başlaması üçün heç bir səlahiyyəti yoxdur. 

"2015-ci ildə telefonların IMEI kodlarını qeydiyyatdan keçirən imei.az saytı fəaliyyətə başlayıb. Amma bu haqda ictimaiyyətə məlumat verilməyib. Əgər telefonun kredit ödənişi varsa, bağlana biləcəyi haqda xəbərdarlıq həmin saytda qeyd olunmalıdır. Çünki kreditlə telefon alan şəxs onu sonradan dükana və ya başqa birinə satır. Telefonu alan isə kredit borcunun olduğunu bilmir. Nazirlik də IMEI kodu bağlayır. Maraqlıdır ki, nazirlik bunu nəyin əsasında edir? Nazirliyin işi o kodu qeydiyyatdan keçirməkdir. Amma koda məhdudiyyət qoymaq onun səlahiyyətində deyil. Bu məsələ məhkəmənin səlahiyyətindədir. Belə çıxır ki, nazirlik şirkətlə əlbir olub bu işi həyata keçirir. Çünki öncədən kreditə telefon verilən andan o, sistemə daxil edilməlidir. Hamı həmin telefonun kreditdə olduğunu bilməlidir. Belə olarsa, saytda bunu görən dükan və ya şəxs də onu almaz. Amma iki il keçəndən sonra nazirlik IMEI kodu bağlayıb pulun ödənilməsini tələb edir”, - deyə saytımıza ünvanlanan şikayətdə bildirilir.

O da qeyd olunub ki, şirkətdən 2015-ci ilin fevralından əvvəl manatla kreditə götürülən telefonun ödənişi indi dollarla istənilir: "Birinci devalvasiyadan sonra ödənişin dollarla edilməsi tələb edilir. Hətta iki il keçəndən sonra kreditə götürən şəxsdən telefonu alan adamdan 500 dollar istənilir. Əsas gətirilir ki, telefonun krediti var. Bunu hansı qanunun əsasında edirlər? Bu da müştərilərdə narazılıq yaradıb. "Kontakt Home” mağazalar şəbəkəsi kreditə həddindən çox telefon verir. Amma vergidən yayınmaq üçün onların hamısını sistemə yerləşdirmir”.

Məsələ ilə bağlı "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev saytımıza bildirib ki, nazirliyin özbaşına IMEI kodunu bağlaması yolverilməzdir: "Bu məsələ məhkəmədə həll olunmalıdır. Mülkiyyətçi tərəfindən kredit verdiyi şəxs tapılmazsa, məhkəməyə, həmçinin polisə müraciət olunmalıdır. Amma nazirlik bunu şirkətin istəyi ilə inzibati qaydada edə bilməz. Nazirliyin kiminsə əmlakı üzərində mülkiyyət hüququnu məhdudlaşdırmaqla bağlı birbaşa sərəncam vermək hüququ yoxdur. IMEI kodun bağlanması telefon üzərində olan istifadə imkanlarını məhdudlaşdırır. Alıcı telefondan istifadə edilə bilmir. Məhkəmə qərarı olmazsa, mülkiyyət hüququnun məhdudlaşdırılması yol verilməzdir”.

Hüquqşünas onu da əlavə edib ki, krediti olan telefon satılan zaman öhdəlikləri başqasına keçməlidir: "Müqavilə dəyişməlidir. Buna görə kredit təşkilatı bu məsələ ilə bağlı iddia qaldıra bilər. Kredit ödənilməyibsə şirkətin onunla bağlı müvafiq tədbirlər görmək hüququ var. Çünki kreditdə olan əmlak satıla bilməz. Bu, yalnız kredit verənin razılığı ilə başqasına keçirilə bilər. Bu zaman bütün öhdəliklər də o şəxsə verilir. Əlbəttə telefonu alan şəxs də kredit borcunun olduğu bilsəydi almazdı. Həmin şəxs də məhkəməyə müraciət edə bilər. Alıcının elə də günahı yoxdur. Kreditdə olan halda onu satan şəxs əsas günahkardır”.

Məsələ ilə bağlı şirkətlə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.

Rabitə və Yüksək Texnologiya Nazirliyindən isə dəfələrlə müraciət etməyimizə, elektron sorğu göndərməyimizə baxmayaraq, müxtəlif bəhanələr gətirərək məsələyə münasibət bildirilmədi./bakipost.az/

MediaFax