Nazirlikdən son bahalaşmaya - Münasibət

Son günlər Bakıda və ölkənin bir çox bölgələrində ət məhsullarının, həmçinin yumurtanın qiymətində artım müşahidə olunur. 

İqtisadi böhran vəziyyətində qiymət artımın olması vətəndaşlar üçün heç də ürəkaçan deyil. Bazarlarda ət məhsullarının və yumurtanın qiymətinin artması da hər kəsi narahat edir. Bəs, ətin  və yumurtanın qiymətlərinin bahalaşması müvəqqətidirmi? Yoxsa, qiymətlər daha da artacaq? Qiymətlərin artmasına səbəb nədir?

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev saytımıza açıqlamasında bildirdi ki, kənd təsərrüfatı məhsullarının qiymətləri liberaldır və qiyməti bazar müəyyən edir. Nazirlik rəsmisi onu da əlavə etdi ki, qiymət artımı mövsümi xarakter daşıyır:

"Keçən ilin 6 ayı ilə müqayisədə ət istehsalında 3,6 faiz artım müşahidə olunub. Qiymət artımını mövsümlə əlaqəlidir. Kənd təsərrüfatı məhsullarının qiymətləri liberaldır, yəni tələb-təklif əsasında qiymətləri bazar özü tənzimləyir. Əvvəllər 8 manat olan mal ətinin qiyməti, indi 10-15 faiz artaraq 9- 9.50 AZN arası dəyişir. Amma hər həftənin şənbə-bazar günləri keçirilən yarmarkalarda ətin qiyməti stabil olaraq qalır. Mal əti 5,50-6 manat, qoyun əti isə 6-6,50 manat arasında dəyişir. Həmçinin yumurtanın qiymətində də artım mövsümlə əlaqədardır. Bu istehsalla bağlı məsələ deyil, çünki yumurtanın istehsalında da 4 faizdən artıq artım müşahidə olunub. Yumurtaya olan tələbatın 99,7 faizini ödəyirik. Yəni qıtlıqla əlaqəli məsələ deyil. Bizim məqsədimiz tələbatı daxili istehsal hesabına ödəməkdir. Bundan əlavə, heyvanların cins tərkibini yaxşılaşdırmaq üçün süni mayalanma tədbirləri genişlənir. Qafqazda ən böyük süni mayalanma mərkəzi istifadəyə verilib. Hər doğulan cins buzova görə, cari ilin yanvar ayında dövlət 100 manat subsidiya verir. İdxalı aradan qaldırmaq üçün daxili istehsalat inkişaf edir və bu səbəbdən daxili istehsal hər artmaqda davam edir".

"Yeni il bayramı ərəfəsi qiymət arta bilərmi"– sualına isə Murtuzəli Hacıyev bildirdi ki, hər il yarmarkalar təşkil edilir və bu il də yarmarkaların sayının artırılması ilə əlaqədar yerli orqanlara müraciət ediləcək:

"Bayram ərəfəsində qiymətin artmaması üçün yarmarkaların sayını artırırıq ki, aztəminatlı ailələr ucuz və keyfiyyətli ət məhsullarından yararlana bilsinlər. Biz yarmarkaların sayının artırılması ilə əlaqədar yerli hakimiyyət orqanlarına müraciət edirik. Bu il də çalışırıq ki, bayram öncəsi süni qiymət artımının qarşısını alaq. Amma yenə də vurğulayıram ki, kənd təsərrüfatı məhsullarının qiyməti liberaldır və qiymət tələb-təklif əsasında formalaşır"./qaynarinfo.az/

MediaFax