Nazirlikdən deputata cavab gəldi: “Qarabağ tarixini...”

Bu gün Milli Məclisin iclası zamanı deputat Siyavuş Novruzov  "Təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı orta məktəblərdə rus dilli bölmələrin 8-ci sinifində Azərbaycan və Dağlıq Qarabağın tarixinin ayrı-ayrı kitablarla tədris olunmasına etirazını bildirib.  
 
"Məgər Dağlıq Qarabağ Azərbaycan tarixi deyil?”-deyən deputatın sözlərinə görə  bununla bağlı tarix müəllimləri tərəfindən dəfələrlə ona müraciətlər olub.
 
Daha sonra Siyavuş Novruzov tarixçi deputat Yaqub Mahmudova müraciət edərək məsələyə aydınlıq gətirilməsini xahiş edib: 
 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitunun direktoru, deputat Yaqub Mahmudov cavab verib. O bildirib ki, bir tarix var, o da - Azərbaycan tarixidir. 

"Bu təxribatın qarşısı alınmalıdır. Azərbaycanın bir tarixi var. Kimlərsə təxribat yaradaraq Azərbaycan tarixinə qara yaxmaq istəyirlər”. 
 
Məsələ ilə bağlı Təhsil Nazirliyindən cavab verilib.
 
Qeyd edilib ki, Qarabağ tarixini dərindən öyrənmək məktəbdən başlayır.
 
"Bu gün Azərbaycan cəmiyyətində vətəndaşlarımızı düşündürən ən önəmli, taleyüklü məsələlərdən biri məhz Qarabağla bağlıdır. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra torpaqlarımızın işğalı ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ermənilərin məkrli siyasətinin ifşası istiqamətində genişmiqyaslı işlər görülmüş, nizamlı Azərbaycan ordusu yaradılıb. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində ölkəmizin müdafiə qüdrəti ciddi şəkildə yüksəlmiş, Azərbaycan ordusu dünyanın ən güclü ordularından birinə çevrilib”.
 
Nazirlik bildirib ki, ümumtəhsil məktəblərində tətbiq olunan tarix dərsliklərində Qarabağla bağlı müəyyən mövzular öz əksini tapıb.
 
"Eyni zamanda bəzi dərsliklərdə tarixi-xronoloji əsasda ermənilərin Qarabağa olan ərazi iddialarını, işğalçılıq siyasətini əks etdirən müəyyən məlumatlar da yer alıb. 
 
Bununla belə, Qarabağ probleminin cəmiyyətdə diqqət mərkəzində olması və artıq beynəlxalq problemə çevrilməsi şagirdlərə Qarabağ ərazisi haqqında daha dolğun və ətraflı məlumatların çatdırılmasını zəruri edib. Bütün ümumtəhsil məktəblərinin VIII sinifləri üçün nəzərdə tutulan "Qarabağın tarixi” fakültativ kursunun həftədə bir saat olmaqla xüsusi proqram əsasında tədrisi də bu zərurətdən irəli gəlib.
 
Fakültativ kursun proqramı ilə yanaşı, bu kursun tədris vəsaiti də hazırlanıb. "Qarabağın tarixi” tədris vəsaitində Qarabağın yerləşdiyi tarixi ərazi, təbii-coğrafi xüsusiyyətləri, etimologiyası, ictimai-inzibati tarixi, əhalisinin etnik tərkibi, ermənilərin müxtəlif dövrlərdəki işğalçılıq siyasəti, eləcə də Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi sahəsində həyata keçirdikləri tarixi əhəmiyyətə malik fəaliyyətləri öz əksini tapıb.
 
Tədris vəsaiti AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun "Qarabağ tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev və  Şuşa Rayon Təhsil Şöbəsinin sabiq aparıcı məsləhətçisi, respublikanın əməkdar müəllimi Əyyub Əbdüləzimov tərəfindən hazırlanıb”./modern.az/

MediaFax