Nazirlər Kabineti bu halda ləğv edilə bilər - Açıqlama

Prezident İlham Əliyev 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar sərəncam imzaladı.

Nazirlər Kabinetinə bundan irəli gələn məsələlərin həll edilməsi üçün  6 ay vaxt verdi. Həmin müddətin bitməsinə isə 3 aydan bir az çox qalıb.
 
Bəzi söyləntilərə görə dəyişikliklərlə vitse-prezidentlik institutu yaradıldıqdan sonra Nazirlər Kabinetinin buraxılması gündəmə gələcək.
 
Hüquqşünas Əliməmməd Nuriyev saytımıza açıqlamasında məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, vitse-prezidentlik institutunun yaradılması ilə bağlı Nazirlər Kabinetinin buraxılmasından söhbət gedə bilməz:
 
"Çünki keçirilmiş referendumda belə bir məsələ səsə qoyulmamışdı. Bu baxımdan vitse-prezidentlik institutunun yaradılması ilə Nazirlər Kabineti qalmaqda davam edəcək. Azərbaycan Prezidenti tərəfindən referendum baş tutandan sonra sərəncam imzalandı. 6 ay müddətində referendumdan irəli gələn qanunvericilik aktlarının hazırlanması ilə bağlı göstərişlər verildi. Hazırda yeni qüvvəyə minmiş Konstitusiyaya uyğun olaraq qanunvericlik aktlarının hazırlanması prosesi gedir. Bundan sonra ölkə başçısı tərəfindən vitse-prezidentlərin təyin edilməsi müəyyənləşdiriləcək.

Hazırda onların Konstitusiyaya edilmiş dəyişikliklərə uyğun olaraq hazırlanması üzərində iş gedir”.
 
Hüquqşünas deyib ki, həmin aktlar qəbul edildikdən sonra adekvat qərarlar veriləcək:
 
"Azərbaycan Nazirlər Kabineti konstitusion bir institutdur. Onunla bağlı məsələ konstitusiya mətnində dəyişikliklər baş verdiyi təqdirdə reallaşa bilər. Dəyişikliklərdə Nazirlər Kabinetinin ləğvi məsələsi qoyularsa və təsdiqlənərsə, o halda qurum ləğv olunar.
 
İndiki halda Nazirlər Kabineti Konstitusiyaya uyğun olaraq fəaliyyətini davam etdirəcək. Yəni bunun vitse-prezidentlik institutunun yaradılmasına aidiyyatı yoxdur.
 
Dəyişikliklərin özündə belə göstərilir ki, prezident öz vəzifələrini icra edə bilmədikdə vitse-prezidentlər, daha sonra isə Baş Nazir və Milli Məclisin sədri onu əvəz edə bilər. Bu bir daha göstərir ki, Nazirlər Kabinetinin səlahiyyətlərinin azaldılması və ya ləğvindən söhbət gedə bilməz.
 
Doğrudur, belə fikirlər səsləndirilirdi ki, vitse-prezidentlik institutu yarandığı halda Nazirlər Kabineti buraxılacaq. Bununla bağlı sadəcə müzakirələr gedə bilər, kimlərsə təklif irəli sürə bilər. Amma bunlar da sadəcə müzakirələrdir. Yəni, Nazirlər Kabinetinin buraxılması heç referendumun predmeti də deyildi. Bir sözlə, vitse-prezidentlik institutunun yaradılmasının Nazirlər Kabinetinin ləğv edilib-edilməyəcəyinə heç bir aidiyyatı yoxdur.
 
Cənab prezident referendum baş tutandan sonra bir sıra normativ qanuni aktları imzalayıb, bir sıra göstərişlər verib. Hesab edirəm ki, 6 ayın yekununda müvafiq dəyişikliklər və təyinatlar baş verəcək”./modern.az/
 
MediaFax