Nazarbayev səlahiyyətlərini niyə parlamentlə bölüşür? - Politoloq şərhi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev səlahiyyətlərini parlamentlə bölüşmək qərarınını verib.
 
"Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu buna şərh verib.
 
Şərhi təqdim edirik:

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin səlahiyyətlərini parlamentlə bölüşmək qərarının bir neçə səbəbi var.

Birinci səbəb Nazarbayevin yaşıdır. Qazaxıstan prezident SSRİ dövründən ölkəsinin lideridir. İndi o elə bir yaş həddinə çatıb ki, ölkəsinin gələcəyini düşünmək məcburiyyətindədir. Nazarbayev "məndən sonra bu şəxs olacaq” siyasətinə üstünlük vemir, onun varislə bağlı qərarı yoxdur, bəlkə də heç olmayacaq. Qazaxıstan hakimiyyətində bir-biriylə rəqabət aparan ən azı 3 qruplaşma var. Bu qruplaşmalarda Nazarbayevin bir neçə ailə üzvü də iştirak edir. Ancaq Nazarbayev bu qruplaşmalardan heç birinə üstünlük vermir. Çünki, hər hansı birinə üstünlük versə, digər qruplaşmalarla daxili çəkişmə başlayacaq ki, bu hazırda sabitliyini qoruyan Qazaxıstana həm daxildən, həm də xaricdən ciddi təhlükələr yaradacaq.
 
Nazarbayevin Rusiya ilə müttəfiqliyi stateji seçim deyil, Qazaxıstan prezidenti ölkəsi üçün ən böyük təhlükənin elə qonşusu Rusiyadan gəldiyini bilir. Qazaxıstan əhalisinin 40 faizi rusdillidir və bəzən şimal bölgələrində separatçı şüarlar səslənir. Narazbayev xarici siyasətdə Rusiya ilə yaxınlıq əvəzinə başqa vektora üstünlük versəydi, Kreml Gürcüstan və Ukraynanı parçaladığı kimi Qazaxıstana da "ənçam” çəkəcəkdi. Ancaq Nazarbayev Kremlə heç bir bəhanə verməyib, əksinə Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Rusiya prezidenti Vladimir Putin çıxışlarının birində söyləmişdi ki, Nazarbayev olmasaydı, Qazaxıstan da olmayacaqdı. Bu fikir başda Nazarbayev olmaqla Qazaxıstanın siyasi dairələrində gizli narazılıq doğurmuşdu. Putin bununla Astanaya mesaj yollamışdı ki, "fərqli siyasətə üstünlük versəz, Sizi də Ukraynanın taleyi gözləyəcək”. Ona görə də Nazarbayev parlamentlə səlahiyyət bölgüsünə getsə də, xarici siyasət və təhlükəsizlik məsələlərinə özü məsul olacaq.
 
Nazarbayevin səlahiyyətlərini parlamentlə bölüşməsinin ikinci səbəbi Qazaxıstandakı iqtisadi vəziyyətdir. Neft bumu illərində səlahiyyət bölgüsü Nazarbayevin ağlına gəlmirdi, pul çox olduğundan o iqtisadi və sosial məsələləri asanlıqla həll edirdi, hələ üstəlik paytaxtın köçürülməsi kimi böyük maliyyə tələb edən layihənin reallaşdırılmasına yaşıl işıq yandırmışdı. İndi həmin pullar yoxdur, neft gəlirləri kəskin azalıb, milli pul vahidi dəyərdən düşür. Nazarbayev bu yükü daşımaq iqtidarında deyil. İqtisadi və sosial vəziyyətin ağırlığına görə prezident hədəf götürülür, çünki bu sahələr onun səlahiyyətindədir. Ancaq prezident bu sahələri baş nazirə ötürsə, iqtisadiyyatdakı problemlərə görə prezident günahlandırılmayacaq. Ona görə də Nazarbayev iqtisadiyyatı və sosial məsələləri baş nazirə yükləmək istəyir. Parlament seçkisində qələbə çalan partiya və onun lideri Nazirlər Kabinetinin formalaşdırmaq səlahiyyəti qazanacaq, daha əvvəlki kimi prezident istədiyi şəxsi baş nazir təyin etməyəcək. Bu səlahiyyət parlament çoxluğuna həvalə ediləcək. Məntiqlə bu Qazaxıstanda partiyalararası və ideya rəqabətinə də impuls verməlidir. Ancaq yeganə şərt odur ki, parlament seçkisinin ədalətli və şəffav keçirilməsidir ki, nəticə heç kimdə şübhə doğrumasın.
 
Beləliklə, Azərbaycanın daha bir yaxın qonşusu parlament üsul-idarəsinə üstünlük verdi. Bundan əvvəl Gürcüstan, daha sonra isə Ermənistan Konstitusiya dəyişiliklərinə gedərək parlament üsul-idarəsinə üstünlük verdi. Azərbaycanda da parlamentin səlahiyyətlərinin artırılmasına ehtiyac var, bunu qeyri-rəsmi söhbətlərdə deputatlar da dilə gətirirlər. Qazaxıstan kimi Azərbaycan da neft gəlirlərinin azalmasından problemlər yaşayır.

Azərbaycan prezidenti Nazirlər Kabinetinin iclaslarının keçirir, nazirlərə tapşırıqlar verir, konkret sahələrin inkişafı proqramlarını qəbul edir və onlara nəzarət edir. Baş nazirin hansı funksiyalar daşıdığı, məsuliyyətinin nə olduğu qaranlıq qalır. İndiki baş nazir Artur Rəsizadənin parlament çoxluğuna malik olan Yeni Azərbaycan Partiyasına da aidiyyatı yoxdur.
 
Azərbaycan Cumhuriyyəti parlament üsul-idarəsi üzərində qurulub. Azərbaycan müstəqillik qazandıqda prezidentin səhaliyyətləri artırıldı.
 
Qonşu dövlətlər də belə etdilər, ancaq sonradan parlamentin səlahiyyətlərinin artırılmasına qərar verdilər. Prezidentin ölkənin idarəolunmasına görə məsuliyyəti bölüşdürməsi onun özünə də xeyirlidir. Çünki, prezidentin nə qədər güclü və xarizmatik lider olmasına baxmayaraq, onun daxili, xarici və təhlükəsizlik sahələrində bütün məsələlərin həlli ilə məşğul olub, bütün istiqamətləri nəzarət altında saxlaması çətindir./modern.az/
 
MediaFax