Azərbaycanlı futbol mütəxəssisləri Azərbaycanın futbol üzrə milli komandasının Şimali İrlandiya milli komandasına 0-4 hesablı məğlubiyyətini şərh ediblər.
AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov:
"0:4 hesablı məğlubiyyətdən sonra nəsə danışmaq çətindir. Rəqibin bizim üçün böyük problemlər yaratdığını deməzdim. Biz elementar top saxlaya bilmədik. Ötürmələrdə səhvlər çox idi. Çexiyadakı oyunu görmədim. Meydan sahibləri sadəcə, bizim səhvlərimizdən yararlanıb 4 qol vurdular. Robert Prosineçkinin də meydana səhv və ya düzgün heyət buraxdığını deyə bilmərəm, məşqçinin işinə qarışmağım düzgün olmaz. O, komanda ilə birlikdədir və kimi meydana buraxmaq lazım olduğunu daha yaxşı bilir. Kənardan danışmaq asandır. Prosineçki də bu oyundan xalla ayrılmaq istəyirdi. Hər halda Prosineçki özünün düşməni deyil ki, meydana güclü heyətlə çıxmaq istəməsin. Problemləri həll etmək lazımdır. Yeddi xalımız var. Bir məğlubiyyət hər şeyin sonu demək deyil. Qalan oyunlara hazırlaşmaq lazımdır”.
"Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov:
"Milli komandamızın Şimali İrlandiya ilə oyununu çətin keçdi, hava şəraiti də əlverişsiz idi. Qollardan 3-ü standart vəziyyətdən vuruldu. Fiziki baxımdan isə danışmağa dəyməz. Rəqib bu cəhətdən bizdən üstün idi. Amma biz belə vəziyyətlərə hazır olmalıyıq. Turnir cədvəlinə baxdıqda, hər şeyin qaydasında olduğu görünür. Yığmamızın qarşıda oyunları üçün vaxtı var. Buna görə də digər oyunlara hazırlaşmaq üçün xeyli vaxtımız var.
İndi rəqiblə Bakıda cavab görüşümüz olacaq. Bu, bizim üçün üstünlükdür.
Bizim görmədiyimiz, düşünmədiyimiz məqamlar ola bilər. Robert bəzi məqamları gördüyü üçün ola bilsin, heyətdə dəyişiklik etməyi lazım bilib. Onun futbolçudan nə tələb etdiyini heç kim bilmir, bunu yalnız oyun zamanı görmək mümkündür. Bu gün millimizdə yaxşı kollektiv yığılıb. Hamısı bir-birini tamamlayan futbolçulardır”.
AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov:
"Millinin uğurları bizi sevindirirdi və davamını Şimali İrlandiyada gözləyirdik. Təəssüf ki, alınmadı, nəticəyə görə məyus olduq. Standart vəziyyətlərdən, sürətli əks-hücumdan qapımızda qollar gördük. Bu da göstərdi ki, hələ millidə çox iş görülməlidir. Demək olar ki, Şimali İrlandiyaya məğlubiyyət hərkəs üçün "soyuq duş" oldu. Məğlubiyyətin bir neçə səbəbi var və bunları araşdırıb nəticə çıxarmaq lazımdır. Heç nədən qələbə və ya məğlubiyyət olmur. Bu, arxayınçılıqdan, yoxsa hər bir rəqibə qalib gələcəyimizə inamdan irəli gəlirdi, bilmirəm. Bundan əvvəl olan problemlər qalmaqdadır. Onların da üzərində işləməliyik. Gələn il bu səhvləri təkrarlamamaq üçün çalışmalı, inamı itirməməli və yola davam etməliyik”.
Azərbaycan yığmasının sabiq üzvü, Gürcüstanın "Kolxeti" klubunun müdafiəçisi Rasim Ramaldanov:
"Çox təəssüf ki, yığmamız belə məğlub oldu. Amma şansımız var idi. Ola bilsin ki, müdafiədə diqqətli oynasaydıq, hesab belə alınmazdı. Rəqib "ikinci mərtəbə"də çox yaxşı idi. Bizə qarşı var güclə oynadıqları görünürdü. Birinci hissədə biz hücumda heç nə ilə yadda qalmadıq. Meydan sahibləri isə güclü pressinq tətbiq edirdilər. Şimali İrlandiya yığmasının son illərdə çox dəyişdiyini düşünmürəm. Çünki 2012-ci ildə Belfastda onlara qarşı oynayanda da həmin heyət idi. Bizim yığmamıza gəlincə, o dövrdəkinin və ya indikinin güclü olduğunu deyə bilmərəm".
Azərbaycan yığmasının sabiq müdafiəçisi Vurğun Hüseynov:
"Deyərdim ki, Şimali İrlandiya Almaniyadan sonra qrupumuzun ikinci ən güclü komandasıdır. Onlar öz şanslarından maksimum yararlandılar, nəticəni öz xeyrlərinə bitirdilər. Futbolçularımız üçün meydan sahiblərinə qarşı "ikinci mərtəbə"də oynamaq çox çətin idi. Rəqibin heyətində demək olar ki, bütün futbolçular ucaboy idi. Bu da təsir etdi.
Amma məncə millimiz bu oyunu unutmalı və növbəti matçlara hazırlaşmalıdır"./aznews.az/
MediaFax