Müğənninin iddiasına DİN-dən cavab gəldi

Müğənni-bəstəkar Murad Arifin Feysbuk səhifəsində dilənçilərlə bağlı paylaşdığı yazını bir neçə xəbər saytlarından oxudum.
 
O, haqlı olaraq milli mentalitetimizə yad olan, insanlara pis ovqat aşılayan dilənçiliklə məşğul olanları tənqid edir və insanları belələrinə ianə verməməyə çağırır. Lakın hörmətli müğənnimizin dilənçilərin qucaqlarındakı körpələrin əksəriyyətinin oğurlanmış uşaqlar olmasını idda etməsi, birmənalı olaraq deyim ki, tamamilə əsassızdır.

Bu sözləri saytımıza açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov deyib. E.Zahidov vurğulayıb ki, Bakı küçələrində dilənçiliklə məşğul olan qadınların qucaqlarındakı uşaqların nəinki əksəriyyətinin, hətta birinin belə oğurlanmış uşaq olması iddiası absurddur:

"Ən azı son 20 il ərzində polis əməkdaşları avaraçılıq və dilənçiliklə məşğul olanlara qarşı mütəmadi olaraq reydlər keçirirlər və hər belə tədbirlər zamanı onlarla qadın, uşaq saxlanılaraq Bakı şəhər Baş Polis İdarəsinin nəzdində olan xüsusi mərkəzə - Azyaşlıların Müvəqqəti Təcridetmə Mərkəzinə təhvil verilirlər. Burada onların şəxsiyyətləri, yaşayış yerləri, hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub-olmamaları müvafiq qaydada yoxlanılır. Bundan sonra onların qeydiyyatda olduqları rayonların polis orqanlarına məlumat verilir və rayondan gələn polis əməkdaşları onları aparırlar”.

Polkovnik vurğulayıb ki, iş bununla da bitmir: "Dilənçilər öz rayonlarının Polis Şöbələrində də müvafiq yoxlamadan keçirilir və xəbərdarlıq edilərək ailələrinə, qohumlarına təhvil verilirlər. Ümumiyyətlə, Azərbaycanda dilənçilik məqsədilə uşaq oğurluğu faktına, hələ ki, rast gəlinməyib, nə də hər hansı vətəndaş tərəfindən polis orqanlarına belə məzmunlu müraciət və şikayət daxil olmayıb.

Körpə hər bir azərbaycanlı ailəsi üçün ən əziz, ən qiymətli varlıqdı. Necə ola bilər ki, ailənin körpəsi oğurlansın, amma valideyn, qohum-əqrəba dərhal polisə məlumat verməsin? Mümkün olan iş deyil. Bəli, hansısa səbəbdən ana körpəsindən imtina edə bilər və ya körpəsini ata bilər. Belə olan halda da o körpə dilənçinin əlinə deyil, dövlətin Kimsəsiz Körpələr Evinə düşür və orada yenə dövlətimizin və qanunlarımızın ciddi nəzarəti altında yaşayırlar. O da düzdü ki, bəzən dilənçilər oğurluq cinayəti törədirlər. Amma beşikdə yatan və ya küçədə oynayan uşağı deyil, pul, qızıl-ziynət, məişət əşyaları oğurlayırlar. Belə oğru dilənçilər isə polis əməkdaşları tərəfindən tutularaq məsuliyyətə cəlb ediliblər”.

Ehsan Zahidov dilənçi qadınların qucaqlarındakı körpələrin gün ərzində sakit olması və "işə” mane olmaması üçün onlara ağır yuxu dərmanları və iynələr vurulması barədə Murad Arifin iddiasını da cavablandırıb: "Bu iddia da artıq rəsmi qaydada yoxlanılıb və təsdiqini tapmayıb. Belə ki, 2014-ci ildə belə bir məlumat Daxili İşlər Nazirliyinə daxil olmuşdu. Dərhal DİN rəhbərliyinin birbaşa göstərişi ilə məlumatın yoxlanılması üçün müvafiq qurumlara göstəriş verildi. Bu məqsədlə paytaxt küçələrində körpə uşaqla dilənən 5 nəfər qadın saxlanılaraq Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kimya şöbəsinə aparıldı. Orada həkim-ekspertlər tərəfindən həmin 5 körpə müvafiq müayinələrdən keçirildi. Lakin onların nə qanında, nə də sidiklərində heç bir kənar maddə aşkar olunmadı.

Yəni, belə ciddi məsələləri gündəlik olaraq cinayətkarlıqla mübarizə aparan polis digər sənət, peşə sahiblərindən daha yaxşı bilir və daha operativ və həssas yanaşır. Onu da yaxşı bilirik ki, dilənçiliklə mübarizənin ən səmərəli yollarından biri onlara inanmamaq, onlara ianə verməməkdir. Bu istiqamətdə əhali arasında maarifləndirmə işini hamılıqla görməliyik.

E.Zahidov bu tip məsələlərin ictimailəşdirilməsində həssaslıq göstərilməsinin vacibliyini də xatırladıb:

"İnsanları narahat edən hər hansı bir problemi işıqlandırmaq sözsüz ki, təqdirəlayiqdir. Bir şərtlə ki, problem əsaslı olsun, konkret faktlarlara söykənsin. Yox əgər ajiataj, sensassiya yaratmaq məqsədilə ordan-burdan eşitdiyin, kiminsə ehtimal və güman etdiyi fikirlər əsasında "problem” yaradırsansa, bu yolverilməzdir. Çünki bu, insanlar arasında vahimə, çaşqınlıq yaratmağa cəhddən başqa bir şey deyil”./axar.az/

MediaFax