Müğənni dilənçilərin “sirr”indən yazdı

Dilənçilərin qucağındakı körpələrin əksəriyyəti oğurlanmış uşaqlardır.
 
Diqqət yetirmisinizsə, o körpələr bir qayda olaraq sakit uzanır, səs çıxarmır, altını batırdıqda belə saatlarla "analarının” qucağında oyanmır. Bunun dəhşətli bir sirri var: Sakit olması və "işə” mane olmaması üçün uşağa bir qayda olaraq ağır yuxu dərmanları və iynələr vurulur.
 
Bu sözləri müğənni-bəstəkar Murad Arif dilənçilər haqda rəsmi Feysbuk səhifəsində yazıb. O, insanları dilənçilərə pul verməməyə səsləyib:

"Əksər hallarda belə zəhərlənmələrə dözməyən körpələr çox yaşamır, hətta "iş vaxtı” tələf olur. Buna baxmayaraq, yalançı ana günün sonunadək bələnmiş uşaq meyiti ilə dilənməyə davam edə bilər. Körpə ilə dilənənlərə 1 saat tamaşa etsəniz, uşağın şübhəli səssizliyi sizə durumu aydın edəcək. 

Daha bir dəhşətli fakt odur ki, dilənçilər oğurlanmış uşaqları bilərəkdən yandırır, qollarını, ayaqlarını amputasiya etdirir, üzlərinə turşular tökür ki, şikəst və xəsarət almış uşağa daha çox yazığımız gəlsin və cibimizdəki son qəpiyi də verməyə hazır olaq. Bu, böyük bir biznesdir və Hindistan, Çin, Afrika, eləcə də keçmiş Sovet ölkələrində geniş yayılıb. Bakı küçələrində də qanuna rəğmən, açıq-aşkar şəkildə körpələr istismar olunur və buna qətiyyən müdaxilə olunmur. Bu prosesi dayandırmağın yeganə yolu budur ki, dilənçilərə, özəlliklə uşaqları diləndirənlərə pul verməyək. Sizin verdiyiniz hər qəpik bu murdar biznesin və uşaq zülmünün inkişafına dəstəkdir! Hər kəsə bunu danışsın, insanları maarifləndirin, körpələri xilas edin”./axar.az/

MediaFax