Ərini öldürdüyünü etiraf etdi - Yenilənib

27.12.2016 
15:34 
 
Gürcüstanda qadın 28 yaşlı ərini balta ilə qətlə yetirib.
 
Hadisə azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Təzəkənd kəndində baş verib.
 
Qətlin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Ərini öldürən qadın artıq saxlanılıb.
 
Faktla bağlı cinayət işi açılıb.
 
X X X

Marneulidə baş vermiş qətl hadisəsinin təfərrüatları məlum olub.
 
33 yaşlı Ruslan Kərimov yaşadığı evin ikinci mərtəbəsində balta ilə öldürülüb.
 
Alget kənd (Təzəkənd kəndi Alget kənd inzibati ərazisində yerləşir) icra nümayəndəliyinin rəhbəri Maşallah Balakişiyev açıqlamasında bildirib ki, hadisə il bağlı müxtəlif versiyalar var.
 
Versiyaların birinə görə, R. Kərimov intihar edib. Digər versiyaya əsasən, o, həyat yoldaşı, 23 yaşlı Türkan Kərimova tərəfindən öldürülüb.
 
Kənd sakinlərinin dediyinə görə, öldürülən şəxs sifət nahiyəsindən 4 balta zərbəsi alıb. Kənd icra nümayəndəliyinin rəhbəri M. Balakişiyev R. Kərimovun 10-15 gün bundan əvvəl Rusiyadan qayıtdığını bildirib: "Rusiyadan qayıdan Ruslan hər gün yeyib-içirdi. Amma həmişə içən deyildi. Deyilənə görə, o, bazar günü-dekabrın 25-dən 26-na keçən gecə təqribən saat 01.00-02.00 radələrində öldürülüb. Hadisə baş verdikdən sonra polis əməkdaşları kəndə gəliblər və meyiti ekspertiza məqsədi ilə Rustavi şəhərinə aparıblar”.
 
R. Kərimovun adının çəkilməsini istəməyən yaxın qohumu hadisəni 3 uşaq anası T. Kərimovanın törətdiyini deyib: "Türkan deyib ki, ərim dəfələrlə mənə deyirdi ki, səni öldürəcəyəm. Səbəbini isə bildirmirdi. Buna görə də o, Ruslanı öldürüb”.
 
Hadisə ilə bağlı ailə üzvləri və yaxın qohumları cinayətin baş verməsi səbəblərini öyrənmək üçün polis idarəsinə dəvət olunub. 

Meyit yaxın qohumlarına təhvil verilib və sabah ekspertizanın rəyi açıqlanacaq. R. Kərimov dekabrın 28-də dəfn olunacaq.
 
T. Kərimova hazırda Marneuli polis idarəsindədir.
 
--------------------
28.12.2016 
17:53
 
Gürcüstanın Marneuli rayonunun Təzəkənd sakini 23 yaşlı Türkan Tahir qızı Kərimova polisə ilkin ifadəsində 33 yaşlı əri Ruslan Telman oğlu Kərimovunu qətlə yetirdiyini etiraf edib.
 
Qadın bu addımı özünü və 3 azyaşlı övladını qorumaq üçün atdığını bildirib. İfadədə bildirilib ki, əri onu və uşaqlarını öldürməklə hədələyirmiş.
 
Hazırda təqsirləndirilən şəxs barəsində imkan tədbirinin seçilməsi ilə əlaqədar Rustavi şəhər Məhkəməsinə aparılıb. O, tibbi müayinədən keçiriləcək, barəsində qərar veriləcək. Ehtimal edilir ki, himayəsində azyaşlıların olması nəzərə alınacaq və onun barəsində həbs qətimkan tədbiri seçilməyəcək.
 
Qeyd edək ki, hadisə 25-dən 26-na keçən gecə olub. Türkan Kərimova ərini baltalayaraq, öldürüb. Ər-arvad əmiuşağı olublar və onların 6 yaşlı, 2 yaşlı  və 1,5 aylıq uşaqları var.
 
Ruslan Kərimov bu gün Təzəkənd qəbiristanlığında torpağa tapşırılıb./APA/
 
MediaFax