Müəllimlər 3-cü aydır maaş almır

Ölkənin orta məktəblərində hazırlıq siniflərində işləyən müəllimlər bu il maaş almayıblar.
 
İstiPress-in şimal bürosuna bu barədə Qusar, Quba və Xaçmaz rayonlarının hazırlıq sinfini aparan müəllimlər məlumat veriblər.

Bildirilib ki, onlar 2017-ci ilin yanvar, fevral aylarının əmək haqqını indiyəcən ala bilməyiblər, artıq mart ayı da gəlib, maaşın gecikməsi onlara ciddi maliyyə çətinliyi yaradıb.

Məlumatı dəqiqləşdirmək üçün əvvəlcə Qusar təhsil şöbəsinin müdiri Niftəli Fərzəliyevlə əlaqə saxladıq. O rayonun 104 hazırlıq sinfi müəlliminin həqiqətən maaş almadığını dedi.

Quba təhsil şöbəsinin müdiri Loğman Müslümov da rayonda 89 nəfər ibtidai sinif müəlliminin yanvar və fevral aylarının maaşını almadığını təsdiqləyib. Xaçmaz rayon təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədova da analoji cavabı verib.

Təhsil Nazirliyinin yeni yaradılmış Xaçmaz regional maliyyə-nəzarəti şöbəsinin müdiri Şahin İsrafilov da faktı təsdiqləyərək məlumat verdi ki, bu hal təkcə şimal rayonlarına aid deyil, bütün respublika üzrə hazırlıq siniflərdə dərs deyən müəllimlər  3-cü aydır maaş almayıblar. Onun sözlərinə görə, bu müəllimlərin vəsaiti dövlət büdcəsindən xüsusi olaraq maliyyələşdiyindən bir qədər gecikmə olub. Artıq həmin vəsait ayrılıb və bu həftə ərzində bütün müəllimlərin hesabına 2 aylıq əmək haqları bir yerdə köçürüləcək.

MediaFax