"Xəzər Lənkəran” futbol klubu "Futbol+” qəzetinin ona qarşı irəli sürdüyü ittihamlara cavab verib.
Bildirdiyimiz kimi, qəzetin baş redaktoru Mahir Rüstəmli "Palmali” şirkətlər qrupunun başçısı, "Xəzər Lənkəran” futbol klubunun fəxri prezidenti Mübariz Mənsimova açıq məktub yazaraq, iş adamını qəzetə borclu olduğu 9 min manatı ödəməyə çağırıb. Məktubda bildirilir ki, borc 2015-2016-cı illərdə qəzetdə yayımanmış reklama görə yaranıb.
"Xəzər Lənkəran” futbol klubu yarandığı ilk günlərdən öz təşəbbüsü ilə Azərbaycanda idman mediasının dəstəklənməsi məqsədilə saytlar və qəzetlərlə əməkdaşlıq edib və bu günə qədər də müqavilələr üzrə öhdəliklərinin yerinə yetirib, - klubdan saytımıza göndərilən məktubda deyilir. – Qeyd etməyə dəyər ki, klubumuzun heç zaman reklama ehtiyacı olmayıb və biz KİV-lə yalnız onların inkişafı naminə əməkdaşlıq etmişik.
O ki qaldı "Futbol+”un müraciətinə, müqavilənin 6.1-ci bəndinə əsasən, klub birtərəfli qaydada sazişi poza bilər və bu da edilib. Beləliklə, "Xəzər Lənkəran” futbol klubunun qəzetə heç bir borcu yoxdur.
Digər ittihamlara gəlincə, qəzetin sahibi ilə klubumuzun nümayəndəsi arasında telefon danışığı baş tutub və bütün məsələlər nəşrin sahibinin nəzərinə çatdırılıb. Zərurət yaranarsa, danışığın məzmunu və digər təfərrüatları barədə ictimaiyyətə məlumat veriləcək”./virtualaz.org/
MediaFax