Mübahisəli torpaqlarla bağlı araşdırmalar dayandırıldı

Ötən ilin payızında  Milli Məclisin Regional məsələlər komitəsi ölkədəki mübahisəli torpaq məsələləri ilə bağlı geniş müzakirələr keçirmişdi.
 
Daxil olan çoxsaylı müraciətlərdən və parlamentdə aparılan müzakirələrdən bəlli olmuşdu ki, əslində bu sahədə çox ciddi problemlər var.
 
Müzakirələrin yekununda rayonların bir-birinə qarşı torpaq sahələri ilə bağlı iddialarını ciddi şəkildə araşdırmaq məqsədilə 3 işçi qrupunun yaradılmasına qərar verilmişdi. Belə ki, Hacıqabul və Xaçmaz rayonlarındakı mübahisəli torpaqların araşdırılması deputat Tahir Rzayevə, Binəqədi və Sabunçu rayonundakı mübahisələrə deputat Rüstəm Xəlilovun, İmişli və Ağcabədi rayonlarında mövcud olan mübahisəli torpaqlarla bağlı ixtilafları deputat Malik Həsənovun rəhbərlik etdiyi qrupun araşdırması qərarlaşdırılmışdı.
 
Qeyri-neft sektorunun inkişaf etdirilməsinin olduqca zəruri sayıldığı bir vaxtda kənd təsərrüfatının inkişafı prioritet saylılır. Bu mənada əkinə yararlı torpaq sahələri ilə bağlı mübahisələrə  nöqtə qoymaq olduqca vacibdir. Maraqlıdır, ötən müddət ərzində yaradılan işçi qrupları rayonlararası mübahisələrə son qoya bilibmi, yoxsa ixtilaflar davam edir?

Deputat Tahir Rzayev saytımızın bununla bağlı sualına cavabında deyib ki, başlanan proses qeyri-müəyyən  vaxta qədər dayandırılıb. Səbəbinə gəldikdə, deputat sadəcə  "narazılıqlar oldu, deyə, işi davam etdirmək mümkün olmadı” deməklə kifayətlənib.
 
Qeyd edək ki, T.Rzayev bundan əvvəl əməkdaşımıza müsahibəsində demişdi bəzi rayonlar arasındakı ərazi mübahisələrini birdəfəlik aradan qaldırmaq üçün respublika üzrə elektron xəritə hazırlanır. "Bütün torpaqların sərhədləri dəqiqləşdirilməlidir. Bu məqsədlə də bəzi icra hakimiyyəti başçıları Milli Məclisə müraciət ediblər ki, məsələ dəqiqləşdirilsin. Ona görə də işçi qrupu yaradılıb. İşçi qrupuna deputatlarla yanaşı, İşçi qruplarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Milli Məclisin Aparatından nümayəndələr daxildir”.
 
Deputat demişdi ki, 59 ərazi vahidində belə mübahisələr var./musavat.com/

MediaFax