Mübahisəli bank krediti kənd sakinini çətinə salıb

Tovuz rayonunun Aşağı Öysüzlü kənd sakini Qənbər Ələddin oğlu Kərimov 2014-cü il avqustun 22-də götürdüyü krediti ödəyə bilmir. 

Şikayətçi bildirib ki, 2014-cü ildə Tovuz rayonundakı "Kred-aqro" qeyri-bank təşkilatından ona zamin duran, Ziya Sabir oğlu Nağıyevin köməyi ilə dolların kursu 0.78 AZN olduğu vaxt 2500 dollar kredit götürüb. Kreditə görə 7 ayda 960 dollar ödədikdən sonra doların kursu 1.05 manat olub. 

Şikayətçinin dediyinə görə, işləmədiyindən o, bu pulu ödəyə bilməyib. Nəticədə "Kred-aqro" götürülən kreditin üstünə 530 dollar faiz yükləyib. Həmçinin təşkilat Qənbər Kərimovu və zamini Ziya Nağıyevi məhkəməyə verib. Tovuz rayon məhkəməsi kreditin ödənilmədiyi dövrdə artan 530 dolları silib, zamin Ziya Nağıyevin 119 manat əmək haqqından aylıq 50% kəsilərək banka ödənilməsinə qərar verib. 

Bundan başqa məhkəmə tərəflərə öz aralarında razılaşma yolu ilə dollarla alınan kreditin milli valyutaya çevrilərək ödənilməsini tövsiyə etsə də, kredit verən tərəf bununla razılaşmayıb.

Məhkəmənin qərarına uyğun olaraq, Ziya Nağıyev maaşının 50 faizini 9 ay boyunca banka ödəyib. Ancaq 9 aydan sonra məlum olub ki, ödənilən məbləğ əsas borc yox, sadəcə faizlər imiş. Və o da müəyyənləşib ki, onun borcu gündəlik kursla hesablanıb. Bundan sonra hər iki şəxsin ölkədən çıxışına qadağa qoyulub. İcraçı isə 9 ay sonra məhkəmənin kəsdiyi 56 manatlıq məbləğin bankı qane etmədiyini deyib və vətəndaşlara hədə-qorxu gəlib. 

Bildirək ki, hazırda şikayətçinin 4800 manat borcu var. Qənbər Kərimov məhkəmənin qərarına əsasən dolların 1.05 AZN-lə kəsilən kursla ödəmək istəyir. İcraçı Xəyal Verdiyevlə söhbətimizdə isə, deyilənlərə razılaşmadı. Aylıq 56 manat pulun ödənilməsi ilə bağlı məhkəmə qərarının olmadığını bildirdi. "Biz öz işimizi qanun çərçivəsində aparırıq. Vətəndaşın banka olan borcunu iki və ya 3 dəfəyə ödəməsinin onlar üçün də əlverişli olacaq.”
 
Xəyal Verdiyev onu da bildirdi ki, yalnız Qənbər Kərimovun ölkədən çıxışına qadağa qoyulub. Borc ödənilərsə, bu qadağa aradan götürüləcək./musavat.com/

MediaFax