MTN-in həbs etdiyi şəxs barədə qərar LƏĞV EDİLDİ

Ali Məhkəmə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbs etdiyi şəxs haqqında həbs qərarını ləğv edib.
 
Bu barədə vəkil Adəm Məmmədov sosial şəbəkədə açıqlama yayıb. Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi Mətləb Mustafayev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə təqsirləndirilərək, 2015-ci il aprelin 24-də Nəsimi rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvəsində saxlayaraq, şikayəti təmin etməyib.
 
Müdafiə tərəfinin kassasiya şikayətinə Ali Məhkəməsinin hakimi Gülzar Rzayevanın sədrliyi ilə baxılıb, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub.
 
Vəkilin bildirdiyinə görə, Mustafayev Mətləb Nəriman oğlu istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah əldə etməkdə təqsirləndirilib. O,  2014-cü ilin sentyabrında MTN əməkdaşları tərəfindən saxlanılıb.
 
Vəkil hesab edir ki, Mustafayev Mətləb Nəriman oğlunun barəsində Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilərək, cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir.
 
Qeyd edək ki, M. Mustafayev Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin əməkdaşı olub. M. Mustafayevin MTN-də 31 il xidmət etmiş qardaşı, polkovnik Malik Mustafayev onun həbsindən bir neçə gün sonra özünü asaraq, intihar edib. MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və onun müavini İlqar Əliyevin (təcridxanada intihar edib) Mətləb Mustafayevdən başqalarının əleyhinə ifadə almağa çalışdıqları bildirilir.

MediaFax