Dövlət Musiqili Teatrında yeni tamaşanın - "Molla Nəsrəddinin beşinci arvadı” iki hissəli komediyasının məşqlərinə başlanılıb.
Teatrının mətbuat katibi Samir Sədaqətoğlu MediaFax.Az-a bildirib ki, özbək yazıçısı İbrahim Sadıqovun bu əsərini Azərbaycan dilinə tanınmış yazıçı Dilsuz Mustafayev tərcümə edib. Tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.
"Tükdilli xalqların hər biri hesab edir ki, Molla Nəsrəddin onlara məxsusdur. Əslində isə Molla Nəsrəddin ümumilikdə türk dünyasının müdriklik, kamillik simvoludur. Bu ədəbiyaşar obraz öz hazırcavablığı, hadisələrə yerində və operativ münasibəti, intəhasız, intellekual yumor hissi ilə bütün dövrlərin müasiridir. Molla Nəsrəddin yüz illərdir ki, bizimlə birgə addımlayır, bu gün də bizimlə eyni cəmiyyətdə yaşayır, ətrafda baş verənlərə reaksiya verir, çox müdrik münasibətini bildirir, öz heyrətamiz, sərrast yumoru ilə bizi valeh edir. Və... və ən əsası düşündürür, düşünməyə vadar edir. İlk baxışdan belə görünür ki, "Molla Nəsrəddinin beşinci arvadı” komediyasının çox sadə, adi süjet xətti var. Amma dərinliyinə varanda məlum olur ku, bu sadəliyin, adiliyin altında çox böyük mətləblər gizlənib. İstər teatrda, istərsə də kinoda indiyə qədər çoxlu Molla Nəsrəddinlər olub. Bizim tamaşamızın digərlərindən fərqi onda olacaq ki, biz hamının tanıdığı, bildiyi, amma heç kimin məhz o şəkildə, o "qiyafə”də görmədiyi Molla Nəsrəddini təqdim edəcəyik”, - deyə quruluşçu-rejissor Əsgər Əsgərov söyləyib.
Qeyd edək ki, "Molla Nəsrəddinin beşinci arvadı” tamaşasının musiqi tərtibatçısı gənc bəstəkar Fərid Fətullayevdir. Tamaşada rolları Əməkdar artistlər Əzizağa Əzizov, Əkbər Əlizadə, Almaz Ələsgərova, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Gülcahan Salamova və başqaları oynayacaq.
MediaFax