Mobil telefonların qiyməti niyə düşür? - Açıqlama

Xəbər verdiyimiz kimi, son günlər paytaxt Bakıda mobil telefonların qiyməti kəskin ucuzlaşıb.
 
Ötən il qiymətləri yüksək olan telefonlar müştərilərə hazırda nisbətən ucuz qiymətə təklif olunur. Satıcılar "Samsung” və "iPhone” markalı telefonların qiymətinin daha çox ucuzlaşdığını bildirir. Məhsulların qiymətinin baha stabil qaldığı bir vaxtda idxal olunan mobi telefonların qiymətinin ucuzlaşması marağa səbəb olub.
 
Bunun səbəbini öyrənmək üçün iqtisadçı Samir Əliyevə müraciət etdik. İqtisadçı bildirib ki, mobil telefonların qiymətinin ucuzlaşması yeni modellərin bazara daxil olmasıyla bağlıdır: "Hazırda mobil telefonlarda çox sürətli bir inkişaf prosesi gedir. Yeni şirkətlər bazara daxil olur. Bu sürətli inkişaf ona gətirib çıxarır ki, çox sürətli şəkildə mobil telefonların yeni modelləri bazara çıxır. Yeniləri gəldiyi üçün köhnə modellərin qiymətinin ucuzlaşması prosesi gedir. BU səbəbdən şirkətlər də maraqlıdır ki, köhnələri tez satılsın və yeni modellərin satışına imkan yaransın. Mobil telefonlarda markalar və çeşidlər sürətlə dəyişdiyinə görə hər hansı bir yeni model bazara gəlir. 5-6 aydan sonra onun daha yeni modeli satışa çıxır. Digərinin qiyməti düşür. Hesab edirəm ki, qiymət düşməsi əsasən bu mənəvi aşınma ilə bağlıdır. Yəni bu, fiziki aşınma deyil. Fiziki cəhətdən köhnəlmir. Artıq informasiya və texnologiya o qədər inkişaf edir ki, o, mənəvi cəhətdən, yəni zövq və imkanlar baxımından artıq köhnəlir. İnsanlar yeni modelə üstünlük verir. Ona görə də mən bunu mənəvi köhnəlmə kontekstində qiymətləndirirəm”.
 
Samir Əliyev hesab edir ki, mobil telefonların qiymətinin ucuzlaşmasının digər səbəbi onların mənşəyi ilə bağlıdır: "Yəni istehsal yeri ilə əlaqədardır. Ola bilsin ki, mobil telefonlar Amerikanın və Böyük Britaniyanın modelidir. Amma onu istehsal edən ölkəyə baxmaq lazımdır. Avropadan və Yaponiyadan gətirilən mobil telefonlar nisbətən bahadır. Yox əgər Çin istehsalıdırsa, Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə gətirilirsə, qiyməti də ucuz olur. Birləşmiş Ərəb Əmirliklərində vergi güzəştləri mövcuddur. Ona görə də oradan gətirilən mobil telefonlar nisbətən ucuzdur. Məsələn, "iPhone” telefonlar var ki, eyni modeldir. Amma kəskin qiymət fərqləri var”.

İqtisadçı qeyd edib ki, satıcılar artıq keyfiyyətli telefonlar yox, nisbətən ucuz və aşağı keyfiyyətli telefonlara üstünlük verirlər.
 
Samir Əliyev vurğulayıb ki, mobil telefonların ucuzlaşması manatın son günlər bahalaşması ilə əlaqəli deyil./bakipost.az/

MediaFax