Milyarder şəraitsiz kamerada saxlanılır

Hazırda həbsdə olan "Samsung"un vəliəhdi və dünyanın ən zəngin adamlarından biri milyarder Li Cey-yong 6.56 kvadrat metrlik kamerada saxlanılır.
 
Onun saxlanıldığı kamerada duş yoxdur, yalnız arakəsmə ilə küncdə tualet və əl-üz yuyan var və yatmaq üçün isə yerdə döşək qoyulub.

In.reuters.com saytı xəbər verir ki, Li təkadamlıq kamerada saxlanılır və digər məhbuslarla əlaqə saxlanılmasına icazə verilmir. Seul Təcridxnasının rəsmisi bildirib ki, bu ictimaiyyətin diqqət mərkəzində olan işdir və cinayət işi ilə bağlı həbs edilən digər şəxslər də eyni təcridxanada saxlanılır. Təcridxanadan Linin həm cinayət işi ilə, həm təhlükəsizlik nöqteyi-nəzərindən təkadamlıq kamerada saxlanıldığı açıqlanıb. Vəliəhdin hüquqşünasları isə məsələ ilə bağlı şərh verməyib.

Xatırladaq ki, "Samsung" şirkətinin de-fakto rəhbəri Li Cey-yong Cənubi Koreyada rüşvət iddiaları ilə həbs edilib. Li hazırda şirkətin sahibi xəstə atası Li -Kun Lini əvəz edirdi. Onun həbsi Cənubi Koreya prezidenti Park Ceunun impiçmentinə səbəb olan rüşvət skandalı ilə əlaqədardır. Məhkəmə tərəfindən verilən açıqlamaya görə Li rüşvət və nüfuzundan sui-istifadə etmək səbəbi ilə həbs edilib. "Samsung" şirkətinin bir sıra fondlara hökumətin xeyrinə ianələr yatırdığı bildirilir./musavat.com/

MediaFax