Milli Məclisin payız sessiyasının ilk iclası başlayıb.
Dövlət himninin oxunmasından sonra çıxış edən spiker Oqtay Əsədov deputatları sessiyanın başlaması münasibətilə təbrik etdi və dedi ki, payız sessiyası yüksək əhval-ruhiyyə ilə başlayır. O.Əsədov ölkə konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumun yüksək səviyyədə keçirildiyini bildirdi. Sədr referendumda aktiv iştirak edən deputatlara da təşəkkür etdi.
O.Əsədov ardınca bildirdi ki, yaz sessiyasında keçirilən 15 iclasda 196 qanun və qərar qəbul edilib. Həmçinin parlamentin nümayəndə heyəti 33 ölkəyə 85 səfər həyata keçirilib.
Spiker qeyd etdi ki, 2015-ci ildə Avropa Parlamentinin qərəzli münasibətinə görə Azərbaycan bu qurumdakı fəaliyyətini dayandırmışdı. "Ancaq il ərzində dəfələrlə əməkdaşlığın bərpası ilə əlaqədar Azərbaycan parlamentinə müraciətlər olub. Son olaraq Avropa Parlamentindən 15 nəfərlik səlahiyyətli nümayəndə heyəti gəlmişdi. Həmin heyət Azərbaycan prezidenti ilə də görüşdü, ölkə başçısı nümayəndə heyətinə özünün iradlarını çatdırdı”.
O.Əsədov Azərbaycan və Avropa Parlamenti arasındakı əməkdaşlıq məsələləri ilə bağlı müzakirələrin olacağını da istisna etmədi.
Spiker dedi ki, payız sessiyasında dövlət büdcəsi və digər məsələlər qəbul olunacaq./musavat.com/
MediaFax