"Bu dəqiqələrdə qanuni oğruları Azərbaycan gənclərinə nümunə göstərən, təyinatlı deputat Fəzail Ağamalı (açıq şəkildə nömrəsini yazıb) mobil telefonu ilə mənə zəng edib hədə qorxu gəldi”.
Hüquqşünas Aslan İsmayılov bu haqda özünün Facebook səhifəsində məlumat verib.
O sözlərinə bu cür davam edib:
"Doğrudan da bu "deputat" deyəsən Azərbaycanın oğru qanunları ilə idarə edildiyini düşünür. Onun haqqında kifayət qədər məlumat olduğundan kimliyini açıqlamayacam. Bundan əvvəlki yazımda dediklərimi isə bir daha təkrarlayıram. Fəzail Ağamalı etiraz olacağı təqdirdə heç vaxt, guya seçildiyi Salyan seçicilərinin qarşısına çıxıb onları sakitləşdirə bilməz, çünki onu onlar seçməyib. Mənim cəsarətimə isə Fəzail Ağamalı heç vaxt şübhə etməsin, onu kimi xox gələnləri çox görmüşəm”.
Milli Məclisin üzvü Fəzail Ağamalı məsələ ilə bağlı saytımıza açıqlama verib. O hüquqşünası şər-böhtanla məşğul olmaqdan çəkinməyə çağırıb:
"Mən dəfələrlə insanlara ölkə başçısından nümunə götürməyə çağırmışam. Aslan İsmayılov bu cür statuslarla, kompüterin arxasında gizlənib cəmiyyətdə nüfuzu olan insanların ünvanına böhtan atıb gündəmdə qalmasın. Bu insan ləyaqətinə, kişiliyə sığan iş deyil”.
Deputat A.İsmayılova zəng etməsinin səbəbini də açıqlayıb:
"Bir neçə gün əvvəl o bəzi həmkarlarımın adını çəkib demişdi ki, Fəzail Ağamalı nəsə etsə, seçiciləri ona qarşı çıxar, heç biri onun tərəfini saxlamaz. Mən sadəcə insan kimi ona zəng edib barəmdə yerli-yersiz statuslar yazmamasını tələb etdim. O isə əvəzində mənə "odboy” verib statsus yazır. Axı bu kişiyə yaraşan iş deyil”.
F.Ağamalı hüquqşünası saytımızın redaksiyasında debata dəvət edib:
"Aslan İsmayılov çıxsın kompüterin arxasından, pərdəni üzündən götürüb gəlsin üz-üzə debata. Görək haqqı-ədaləti kim söyləyir. Mənim onunla nə ədavətim var ki, onu hədələyim? Mən kompüterin arxasında gizlənməmişəm, mən xalqın içərisindəyəm, həmişə üzdəyəm. Görüşəndə salam alıb, salam verdiyim insandır. Mənim onunla heç bir ədavətim yoxdur. İndi bu açıqlamamdan sonra başlayacaq hər şeyi ismin bütün hallarında hallandırmağa. Mən isə ona əlavə açıqlama verməyəcəyəm. Aslan İsmayılov başqa cür hərəkət etsə, özü hüquqşünasdır. Zəhmət çəkəcək Azərbaycanın hüquq sistemi qarşısında cavab verəcək. Bəsdir, insanları bu qədər təhqir etdiyi”./modern.az/