Ekspertlər manatın hansı həddə qoruna biləcəyinə aydınlıq gətirirlər, hökumət manatın tam "üzməsinə” çalışır...
Milli valyutanın ucuzlaşması davam edir. Yanvarın 27-də keçirilən hərracda dolların məzənnəsi 1,9165 manat səviyyəsində formalaşıb. Həmçinin Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bank rəhbərlərini Mərkəzi Banka yığıb və görüş keçirilib.
Elman Rüstəmov Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının rəhbərləri ilə görüş keçiribb. Bank sistemindən daxil olan məlumata görə, görüşdə bəzi məsələlər müzakirə edilib, eyni zamanda E.Rüstəmov tərəfindən bank rəhbərlərinə bir sıra göstərişlər verilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov görüş barədə modern.az-a açıqlama verib. O bildirib ki, bu, Elman Rüstəmovun kommersiya banklarının rəhbərləri ilə ilk görüşü deyil: "Bu görüşlər mütəmadi xarakter daşıyır. Son vaxtlar milli valyutanın "üzən məzənnə" siyasətinə tam keçilməsi üçün işlər aparılır. Prosesi yekunlaşdırmaq üçün müəyyən danışıqlar gedir, banklarda olan vəziyyət araşdırılır". V.Əhmədov bildirib ki, bu cür görüşlər Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən də keçirilir: "Hər iki qurum iqtisadi vəziyyəti stabilləşdirmək istəyir. Çünki bank sistemində, manat-dollar münasibətlərində problemlər qalmaqdadır”.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, əslində Mərkəzi Bankın yenidən tam üzən məzənnəyə keçidlə bağlı verdiyi açıqlama gülüş doğurur: "Çünki neçənci dəfədir ki, bununla bağlı qərar verilib, yəni bu, birdəfəlik olmalı idi. Ya üzən məzənnəyə birdəfəlik keçid olur, ya olmur. Dəfələrlə bildirmişik ki, Azərbaycanda institusional olaraq tam "üzən məzənnə"yə keçid üçün imkanlar yoxdur. Tam "üzən məzənnə”nin əsas məsələ ondan ibarət olmalıdır ki, bazarda kifayət qədər oyunçu olsun. Valyuta alan və satan oyunçular olmalıdır. Azərbaycanda isə dollar satan bir oyunçu var. Neft Fondu Mərkəzi Bank vasitəsi ilə büdcə qarşısındakı öhdəliklərini yerinə yetirmək üçün valyuta hərracına vəsait çıxarır. Çıxarılan valyuta manata çevrilib büdcəyə transfert olunur. İkinci bir oyunçu yoxdur ki, bu "üzən məzənnə” rejiminə uyğun olaraq bir dəyişiklik olsun. Bundan başqa, alıcılar da məlumdur, alıcılar ölkədə fəaliyyət göstərən banklardır. Alıcı, satıcı məlumdursa, hər hərraca çıxarılan valyutanın həcmi məlumdursa, bu, "üzən məzənnə” demək deyil. "Üzən məzənnə” 24 saat onlayn olan məzənnə rejiminə deyilir.
Rusiyada bu, fəaliyyət göstərir, Türkiyədə biz bunu görürük. Türk lirəsinin, rublun da məzənnəsinin hər saat dəyişdiyini, bahalaşdığını, yaxud ucuzlaşdığını görürük. "Üzən məzənnə” bu deməkdir. Rusiyada onlarla şirkət, şəxs hər gün valyuta bazarında əməliyyatlar həyata keçirir, dollar alıb-satır. Türkiyədə isə minlərlə bu cür şirkət və fiziki şəxslər var. Oyunçu sayının çox olması üzən məzənnə rejiminin təmin olunmasının əsas şərtidir. Azərbaycanda bu, yoxdur. Məzənnənin adını nə qoymaqdan asılı olmayaraq, Mərkəzi Bank tənzimləyici rolunu oynayır və inzibati şəkildə məzənnəni müəyyən edir. Sadəcə, toplantıdan çıxan nəticə ondan ibarətdir ki, Mərkəzi Bank bir həddə qədər manatın ucuzlaşmasını gözlədikdən sonra müəyyən qədər də məzənnəni stabil tutmağa çalışacaq. Ən azı, yaxın aylarda bir stabillik yaratmağa çalışacaq".
Ekspertin sözlərinə görə, məzənnənin çox kəskin oynaması iqtisadiyyata çox böyük ziyan vurur: "İş adamları önünü görə bilmir, mal gətirə bilmir. Manatla qiyməti formalaşdıra bilmirlər. Gətirdikləri malın manatla dəyərini müəyyən edib bazara buraxarkən, sonradan məzənnənin artmasından itirirlər. Yəni bu nöqteyi-nəzərdən ola bilər ki, görüş müəyyən həddən sonra stabilləşmənin yaranacağına bir işarədir. Mərkəzi Banka ayrılmış 7,5 milyard manat vəsaitin tamamının manatın məzənnəsinə xərclənəcəyi isə gözlənilmir. Çünki Mərkəzi Bankın ayrı öhdəlikləri və xərcləri də var. Bu, ölkə daxilindəki öhdəliklərdir. Həm ölkədən xaricdəki bəzi öhdəlikləri var ki, həmin vəsaitdən onun üçün də xərclənəcək. Hətta Əmanətlərin Sığortalanması Fonduna da dövlətin kredit tranşı verəcəyi gözlənilir. Bəzi dövlət şirkətlərinə Mərkəzi Bankın kredit xətlərinin açılması gözlənilir. Yəni bir çox sahələr üzrə xərclənəcək. Amma ayrılmış vəsaitin bir hissəsi də manatın məzənnəsinin sabitləşməsinə xərclənə bilər. Ona görə də ola bilər ki, yaxın gələcəkdə müəyyən həddən sonra manatı saxlamaq üçün vəsait xərcləyəcəklər. Bu hədd isə iki manat da ola bilər, bir qədər çox da ola bilər. İki manat psixoloji həddir. Ola bilər ki, bu həddə stabilləşmə yaşansın. Son hərracda dollar daha bir qəpik bahalaşdı. Ola bilər ki, müəyyən həddə, məsələn, iki manatlıq həddə çatdıqdan sonra həmin ehtiyatlardan istifadə edərək bir neçə aylıq məzənnəni sabitləşdirsinlər”.
MediaFax