Bakıda Yasamal qəbristanlığında qəribə hadisə baş verib.
Bu fotonu çəkib sosial şəbəkələrdə yayan şəxs anasının qəbir daşının dağıdıldığını görüb. Yaxınlaşanda isə bu qara bükülünü tapıb.
Bükülünün içindən iki şəkil çıxıb. Biri toy, digəri isə uzun müddət əvvəl çəkilmiş ailə şəkli. Bu şəkilləri kimin, nə məqsədlə qəbrin içinə atdığı məlum deyil.
Fotonu çəkən şəxs iddia edir ki, bu cadudur. Çünki adətən caduları məhz qəbristanlıqda basdırırlar.
Din xadimləri caduya maraq göstərən və ya inanan insanlara bir daha məsləhət görürlər ki, belə xurafatlara inanmaqla cadugərlərin biznesini genişləndirməsinlər.
Digər tərəfdən bu hadisə qəbristanlıqların mühafizəsi məsələsini gündəmə gətirir. Kimsə istənilən qəbri qaza, orda nə isə basdıra bilirsə, bəs qəbristanlıqların əməkdaşları hara baxır?
Görüntünün çəkildiyi Yasamal qəbristanlığında nə bir işçiyə, nə də mühafizəçiyə rast gəlmədik.
Belə çıxır ki, insanlar ölülərinin qəbirlərini ancaq özləri daim nəzarətdə saxlamalıdır. Çünki qəbirstanlıq əməkdaşlarına arxayın olmaq olmaz./Xəzər TV/