Məzahir Pənahov ABŞ-dakı seçkiləri yoxlamağa getdi

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu ölkəyə səfər edib.
 
MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (IFES) Prezidenti Vilyam Svininin dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahov seçkilərlə bağlı müxtəlif tədbirlərə qatılmaqla bərabər IFES Prezidenti, bir sıra ölkələrin ali seçki qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında müzakirələr aparacaq. Seçki günü həmçinin, MSK sədrinin məntəqələrdə gedən prosesləri müşahidə etməsi də nəzərdə tutulur.
 
M.Pənahov IFES Prezidentinin dəvəti ilə noyabrın 9-da keçiriləcək Qlobal Seçki Təşkilatının növbəti – 7-ci (GEO-7) konfransında da iştirak edəcək.
 
Məlumatda bildirilir ki, dünyanın müxtəlif ölkələrindən çoxsaylı seçki qurumlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, eləcə də beynəlxalq seçki ekspertlərinin qatılacağı konfransda seçkilərlə bağlı müxtəlif mövzularda müzakirələr keçirilməsi və qarşılıqlı təcrübə mübadiləsi aparılması  gözlənilir.
 
ABŞ səfəri zamanı MSK sədrini Komissiya Katibliyinin müdiri Rövzət Qasımov müşayiət edir.

MediaFax