Məşhurların kuklasını düzəldən azərbaycanlı ilə - Söhbət

Suallarımızı rəssam, dizayner, Rəssamlar İttifaqının üzvü Fərəh Əliyeva cavablandırır.
 
Fərəh Əliyevanın son illərdə hazırladığı portret kuklalar ona böyük şöhrət qazandırıb.
 
– Porter kuklalar hazırlamaq ideyası necə yarandı?
– Artıq 7 ildir bu işlə məşğul oluram. Amma bu işə marağım uşaqlıqdan var. Kuklaların formalarını, obrazlarını dəyişirdim. Onlar üçün ayrı dizayn verirdim. Rəssamlıqla da uşaqlıqdan məşğulam. 5-6 yaşımdan kuklaları dəyişməyə, rəssamlığa, dərziliyə marağım olub. 3 dəfə Bakı Beynəlxalq Kukla Biennalesində diplom almışam. Ümumiyyətlə Bakıda keçirilən bütün sərgilərdə hazırladığım kuklaları təqdim etmişəm. Moskva Beynəlxalq Sərgisində iki dəfə iştirak etmişəm. Qafqaz regionunda yeganə olaraq bizdə Kukla Qalereyası fəaliyyət göstərir. Bu qalereyada mənim əsərlərim də nümayiş olunur. Artıq 70-dən çox əl işim var.
 
– Bildiyimizə görə, tanınmış adamların portret kuklalarını yaratmısınız.
– Bəli, sifarişlə belə kuklalar hazırlamışam.
 
– Kuklasını hazırladığınız tanınmışların adını çəkə bilərsiz?
– Yox, bunu sirr kimi saxlayırıq. Onlar özü xahiş ediblər ki, adımız çəkilməsin, həmin kuklaların fotosu hansısa sayta verilməsin.
 
– Adi adamlar da öz kuklarının hazırlanması sifarişini verir?
– Adi adamlardan ay ərzində 3-5 sifariş gəlir. Ancaq onlar daha çox hansısa nağıl, əsər qəhrəmanının kuklasının hazırlanmasını istəyirlər. Məsələn, bu günlərdə sifarişlə "Alisa möcüzələr adasında” əsərinin personajlarının çox gözəl kuklalarını hazırlamışdıq.
 
– Qısa şəkildə portret kuklaların necə hazırlanmasını izah edə bilərsinizmi?
–Kuklalar əsasən gildən hazırlanır. Bundan başqa kuklaların hazırlanmasında məftildən istifadə olunur. Kağızı məftildən düzəldilmiş qurğunun üzərinə yapışdırıram, yuxarı hissə isə gildən olur. Yuxarı hissəyə forma verilir və obraz yaradılır. Hər kukla bir obrazdır. Hər kukla bir mədəniyyət göstəricisidir.
 
– Fərdi sərgilərniz olubmu indiyədək?
– Bəli, artıq 3 fərdi sərgim olub. Sonuncu fərdi sərgim bu il iyunun 23-də baş tutub. Adı "Göydən 3 nar düşdü” idi. O sərgidə Tıq-tıq xanım, Nar qız, Sarı gəlin obrazlarının kuklaları nümayiş olunub və mənə elə gəlir ki, bu işlər çox uğurlu alınıb. Əvvəlki sərgilər 2013 və 2015-ci ildə baş tutub.
 
– Bildiklərinizi kiməsə öyrədirsinizmi?
– Əlbəttə. Mənim art-studiyam, tələbələrim var. Tələbəm olan qızlar da yaxşı işlər görür, öz səviyyələrində yaxşı kuklalar hazırlayırlar.
 
– Nə qədər tələbəniz var?
– 15-ə yaxın tələbəm var.
 
– Kursa qəbul elədiyiniz adamlar mütləq rəssamlıqdan başı çıxan şəxslər olmalıdır?
–  Yox, elə qızlar gəlir ki, onlar heç karandaşı tuta bilmirlər. Ancaq 4-5 dərsə mən onları elə öyrədirəm ki, gözəl bir kukla hazırlaya bilirlər. 2015-ci ildə qızlarla birgə sərgimiz oldu və çox böyük maraqla qarşılandı. Hamı qızların işinə mətəəl qalmışdı. Ondan sonra məndə çox böyük ruh yüksəkliyi yarandı ki, artıq tələbə yetişdirə bilirəm. Qızlar artıq kuklanın obraznın verməyi bacarırlar ki, bu da çox vacib məsələdir.
 
– Ümumi, yəni bütün Azərbaycanı nəzərə alaraq, soruşmaq istəyirəm, sənətinizə maraq hansı səviyyədədir?
– Məni qane edəcək səviyyədə maraq var. Bu, tamamilə fərqli, orjinal bir sənətdir. Bu işlə peşəkar səviyyədə məşğul olanların sayı isə həddindən artıq azdır. 4-5 nəfər. Bu işə maraq elə indi-indi yaranır. Amma dünyada bu sənətə maraq daha yüksək səviyyədədir. Bakıda bu işi yenilik kimi qəbul edirlər, marağın bir səbəbi də bəlkə bununla bağlıdır. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da bu işə çox böyük maraq göstərir, sərgilərdə hər zaman iştirak edir. Heydər Əliyev Fondunda da müəllif kuklaları nümayiş olunur.
 
– Kuklaların qiyməti neçəyədir?
– Qiymətlər bahadır, ona görə ki, bir kuklanın hazırlanması ən azı iki həftə vaxt aparır. "Bakılı qız” əsərim var, onun üzərində yarım il işləmişəm. Onun paltarlarının üstündə İçərişəhər, Qız Qalası, ümumiyyətlə Bakı şəhərini yerləşdirmişəm. Hər halda kuklalar bahalı məbləğə dəyər. Çünki bu iş çox böyük incəlik tələb edir. Bu işi görən adam həm dizaynerdir, həm rəssam, həm heyəltəraş, həm də "malyar”. Əl işidir, çox əziyyət çəkilir. Materiallarına da çox pul gedir. Gecə-gündüz işləyirəm. Amma istənilən halda bu işdən çox böyük zövq alıram. Bu iş artıq mənim həyatımdır.
 
– Başqa ölkələrdə sərgi təşkil etmək planınız varmı?
– Bu, mənim ən böyük arzularımdan biridir. Amma indiyə qədər ona görə alınmayıb ki, onları daşımaq çox çətindir və böyük xərc tələb edir. Kargo ilə təhlükəsiz çatdırmaq olur, ancaq xərci çoxdur.
 
– Müxtəlif ölkələrdə bu işlərlə məşğul olan şəxslərlə əlaqə hansı səviyyədədir?
– Dostluq münasibətlərimiz var. Onlar burdakı sərgilərə gəlir, mən də xaricdəki sərgilərdə iştirak edirəm. Xaricdə sərgimin təşkil olunmasını da təklif edirlər, amma dediyim kimi müəyyən problemlərə görə alınmır.
 
– Rəssamlar İttifaqı sizin bu işinizə hər hansı bir formada dəstək olurmu?
– Sərgilərimin açılışını həmişə Rəssamlar İttifaqının rəhbərliyi edib. Səgrilərimin təşkilində də əllərindən gələni əsgirməyiblər. Bunun özü mənim üçün böyük şərəf və ən böyük dəstəkdir.
 
– Bayaq bəzən bir kukla üçün gecə-gündüz çalışdığınız dediniz. Bu, rəssamlıq fəaliyyətini arxa plana keçirmir ki?
– Yox, mən dayanmıram. Rəssamlıq fəaliyyətinə də ara vermirəm. Çoxlu rəsm əsərlərim var. Kuklalar mənim işimdir, rəsm çəkəndə isə dincəlirəm. Bu yaxınlarda mən özümü dizayner kimi də sınamışam, geyim kolleksiyası hazırlamışam. Yəqin yaxın vaxtlarda ictimaiyyətə təqdim edəcəm. İki aydır ki, hazırlaşıram, inşallah yaxşı olar. Mənim çox xoşuma gəlir, öz zövqümə də inanıram. Uşaqlıqdan bu işlərə meylli olmağım indi mənim çox köməyimə gəlir. İndi heç kimə ağız açmıram ki, bu işi edin. Bütün işləri özüm görürəm. Onu da deyim ki, 20 ildir məktəbdə coğrafiya müəlliməsi işləyirəm. Məktəbdə də kurs açmışam, istedadlı uşaqlara rəsm çəkməyin yollarını izah edirəm. Tələbələrimdən biri, 8 yaşlı qız Beynəlxalq Uşaq Sərgisində birinci yer tutub.
 
– Hazırda hansı kukla-portretlər üzərində çalışırsız?
– Hazırda 5 kukla hazırlayıram. Çox orjinal kompazisiya olacaq. Qız Qalası qız formasında olacaq, bir də İçərişəhərdə işləyən obrazlar./sim.sim.az/
 



 

MediaFax