2016-cı il daşınmaz əmlak bazarı üçün ən ağır illərdən biri kimi proqnozlaşdırılırdı.
Həqiqətən də belə oldu. Ötən il paytaxtın mənzil bazarı həm aktivlik, həm qiymət baxımından çətin keçdi. Dolların manata nisbətən kəskin bahalaşması bu bazara ciddi təsirlər göstərməyə başladı. Bir tərəfdən əhalinin real gəlirlərinin azalması, digər yandan inflyasiya mənzil bazarında qiymətlərin tərəddüdünə səbəb olub.
İndi əlində pulu olan alıcı onu mənzilə yatırmaq istəmir, bazarın stabilləşməsini gözləyir və nəticədə daşınmaz əmlak bazarında durğunluq yaranır.
Bu ərəfələrdə mənzil bazarında dəllallıq edənlər dövriyyəyə belə xəbərlər buraxırlar ki, guya, evlərin qiyməti bahalaşır və daha da bahalaşacaq. Və belə xəbərlərin fonunda qiymətləri sabit saxlamağa çalışırlar. Halbuki, araşdırmalar daşınmaz əmlak bazarına aid belə iddaların reallığı əks etdirmədiyini, mənzil alanların barmaqla sayılacaq qədər olduğunu deməyə əsas verir.
Bəs hazırda daşınmaz əmlak bazarında ümumi vəziyyət necədir?
Məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev saytımıza açıqlama verib.
Rəşad Əliyev hazırda daşınmaz əmlak bazarında durğunluğun davam etdiyini bildirib.
"Bu durğunluğun da iki səbəbi var. Birinci səbəb makroiqtisadi şəraitlə bağlıdır ki, bu da 2014-cü ilin sonlarından bazara təsir etməyə başlayıb. İkinci səbəb isə manatın məzənnəsi ilə bağlıdır. Buna görə də, bazar kiçik və neqativ təsir altındadır. O ki, qaldı bazardakı evlərin qiymətinə dollar ekvalenti ilə baxsaq, birmənalı olaraq qiymət enməsinin şahidi olarıq. Obyektin, evin yerləşdiyi ərazidən asılı olaraq isə az da olsa, qiymət artımını görürük. Amma bu uğursuz bir şeydir. Düzdür deyirlər ki, alqı-satqı manatladır. Amma daşınmaz əmlak bazarında manat göstərən tərəfin əksəriyyətinin bazara baxışı dollarladır. Ona görə də daşınmaz əmlak bazarında müəyyən fərqlərin olmasının şahidi oluruq. Ümumilikdə daşınmaz əmlak bazarını götürsək, ən böyük qiymət azalması isə 2015-ci ildə olub. Manatla bazara baxdığımız zaman isə 2016-cı ildə qiymətlər müəyyən qədər sabit olub. Amma dollarla bazara baxdığımız zaman isə 2016-cı ildə əhəmiyyətli dərəcədə qiymət azalmasının şahidi olduq”.
Ekspert deyib ki, hazırda daşınmaz əmlak bazarında çaşqınlıq var.
"Qiymət azalması və artması dedikdə bilinmir ki, söhbət nədən gedir. Dollardan, yoxsa manatdan. Demək olar ki, alıcılar da, satıcılar da bazara dollar ekvalenti ilə baxır. Həqiqətən də dollar ekvalenti qiymətləri aşağı salıb. Çaşqınlığın yaranmasına səbəb isə strategiyalardakı səhvlər, həmçinin yayılan ziddiyətli məlumatlardır. Alıcıların çoxu görürlər ki, manat dəyərdən düşür. Bunun üçün də avtomatik olaraq həmin insan itkiləri kompensasiya etmək üçün mənzilin qiymətini artırır. Bu demək deyil ki, həmin mənzil alınacaq. Ona görə də, bazarda müəyyən dərəcədə qiymət artımı var. Amma bu təsdiqini tapa bilmir. Çünki alıcı olmayandan sonra qiymətlərin qalxmağının elə bir əhəmiyyəti yoxdur”./modern.az/
MediaFax